​Fitch: MDB bankları qısa açıq valyuta mövqeyi səbəbindən ciddi itkilərlə üzləşib

​Fitch: MDB bankları qısa açıq valyuta mövqeyi səbəbindən ciddi itkilərlə üzləşib Azərbaycanda hedcinq imkanlarının məhdudluğu bankların itkilərini artırır
Maliyyə
13 May , 2016 12:53
​Fitch: MDB bankları qısa açıq valyuta mövqeyi səbəbindən ciddi itkilərlə üzləşib

Bakı. 13 may. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan, Gürcüstan, Qazaxıstan və Belarusda xarici valyutada olan bank depozitlərinin xüsusi çəkisinin 60% həddini keçdiyini bildirib. "Report" xəbər verir ki, MDB ölkələri və Gürcüstanda bank sektorundakı yüksək dollarlaşma səviyyəsi bu ölkələrin milli valyutalarının dəyər itirməsi nəticəsində bankların balanslarına ciddi təsir edib. Azərbaycan və Ukrayna bankları bu ölkələrin Mərkəzi Banklarından dəstək verilməməsi nəticəsində daha kəskin mənfi təsirə məruz qalıb. Qazaxıstan, Rusiya və Belarusda isə hökumətin banklara dəstək tədbirləri ilə bunun minimallaşdırılması mümkün olub, valyuta məzənnələrindəki dəyişikliklərdən ən az zərər görən isə Gürcüstan və Ermənistan bankları sayılır.

Adı çəkilən regionda bank sektorunun xarici valyutada olan borc və depozitləri genişlənib. Ermənistan, Gürcüstan və Belarusda kreditlərin 57-66%-i xarici valyutada verilib. Xarici valyutada istehlak kreditləri Ukrayna, Azərbaycan, Gürcüstan və Ermənistanda üstünlük təşkil etsə də, Qazaxıstan, Rusiya və Belarusda məhdudlaşdırılıb.

Rusiya və Qazaxıstanda bankların xarici valyutada mövqeləri hedcinq əməliyyatları vasitəsi ilə yaxşılaşdırılıb. Lakin bankların balansının menecmenti depozitlərin xarici valyutaya çevrilməsi səbəbindən getdikcə çətinləşir. Bəzi Azərbaycan bankları qısa açıq valyuta mövqeyinin olması və hedcinq imkanlarının məhdud olması səbəbindən böyük itkilərlə üzləşib.

Daha da kəskinləşən dollarlaşma problemli kreditlərin həcmini artırmaqla yanaşı kapitalın adekvatlıq əmsalını aşağı salıb. Regionda yalnız Gürcüstan bankları Rusiya ilə zəif iqtisadi əlaqələrin olması səbəbindən aktivlərinin keyfiyyətini qoruyub saxlaya bilib, dayanıqlı iqtisadi artım nümayiş etdirib, milli valyutası isə minimal devalvasiyaya məruz qalıb. "Fitch" Gürcüstan istisna olmaqla digər ölkələrdə problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisinin 2016-cı ilin yekununda 10%-i keçəcəyini bildirib. Ukraynada isə bu göstəricinin 35% olduğu vurğulanır. Agentlik bank kapitalına ən çox mənfi təzyiqin Ukrayna, Azərbaycan və Qazaxıstanda olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi