"Fitch" agentliyi "Expressbank"ın kredit reytinqini sabit saxlayıb

"Fitch" agentliyi "Expressbank"ın kredit reytinqini sabit saxlayıb Bankın korporativ kreditlərində gecikmə yoxdur
Maliyyə
11 Avqust , 2017 11:16
Fitch agentliyi Expressbankın kredit reytinqini sabit saxlayıb

Bakı. 11 avqust. REPORT.AZ/ "Fitch" Beynəlxalq Reytinq Agentliyi "Expressbank" ASC-nin emitentin uzunmüddətli defolt reytinqini "B" səviyyəsində, proqnozunu isə "sabit" saxlayıb. 

"Report" xəbər verir ki, agentlik reytinq və proqnozun eyni səviyyədə təsdiq edilməsi səbəbini bankın kredit profilində son 12 ayda önəmli dəyişiklik olmaması ilə izah edib. 

Agentliyə görə, sektorda əməliyyat mühitinin mürəkkəb olması və kreditləşmənin əsasən banka bağlı şirkətlərə verilməsi reytinqin sabit saxlanılmasını təmin edib. Reytinqin sabit saxlanılmasında müsbət məqamlar arasında kapital buferinin möhkəm olması, aktivlərin keyfiyyətinin yaxşı olması, lakin getdikcə zəif templə pisləşməyə başlaması, xarici valyutada kreditləşmənin aşağı səviyyədə olması və kifayət qədər likvidliyə sahib olması göstərilib. "Fitch" reytinq üzrə proqnozun "sabit" saxlanmasını aktivlərin keyfiyyətinin yavaş templə pisləşməsinin bankın əldə etdiyi mənfəət və kapitalla örtmə ehtimallarının yüksək olması ilə izah edib.

Bankın korporativ kredit portfeli 2017-ci ilin ilk rübünün sonuna məcmu kredit portfelinin 55%-ni təşkil edib və vaxtı keçmiş kreditləri olmayıb. Bu kreditlər demək olar ki, bankın əsas korporativ səhmdarına və onun törəmə şirkətlərinə verilib və əsas kapitalın 79%-ni təşkil edib. Bu kreditləri alanlar arasında infrastruktur layihələrinin həyata keçirilməsi ilə məşğul olan iri tikinti şirkəti və istehsalat müəssisəsi yer alıb ki, onun da fəaliyyəti hökumət tərəfindən dəstəklənir. Bundan başqa, "Expressbank" bu şirkətlərə əsas kapitalın 22%-nə bərabər olan 30 mln. manatlıq təmin olunmamış kredit ayırıb.

Agentlik banka bağlı şirkətlərə ayrılan kreditlərin 2016-cı il yanvarın 1-nə 212 mln. manatdan və ya əsas kapitalın 138%-dən, 2017-ci ilin ilk rübünün sonuna 139 mln. manata və ya əsas kapitalın 101%-nə gerilədiyini, bu şirkətlərin əsasən xarici valyutada borclarını bağlayaraq bankın valyuta riskini azaltdıqlarını müsbət addım kimi qeyd edir.

"Fitch" "Expressbank"ın dəstək reytinqi (Support Ratings SR) 5 səviyyəsində (ən minimal), dəstək reytinqinin minimal səviyyəsini (Support Rating Floor (SFR) isə sıfır səviyyəsində (No Floor) qiymətləndirib. Bu addımı agentlik bankın məhdud əməliyyat imkanları və bazar payı ilə izah edib. Agentlik bildirib ki, hər hansı fövqəladə vəziyyətdə hökumət tərəfindən kapitala birbaşa dəstək imkanları qeyri-müəyyəndir. Bu fikir bir müddət əvvəl dövlətə aid olan Azərbaycan Beynəlxalq Bankının defolt elan etməsindən sonra yaranıb. Belə ki, sistem üçün daha az əhəmiyyətli olan banklar ümumiyyətlə dövlət dəstəyinə ümid etməyə bilər.

Son xəbərlər

Orphus sistemi