Yuxarı
    Bağlamaq

    "Fitch" agentliyi "Accessbank"ın reytinqini təsdiq edib - YENİLƏNİB

    Reytinq BB+ səviyyəsində təsdiq olunub

    İlk xəbər saat 09:25-də verilib

    Bakı. 7 sentyabr. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi "Accessbank" ASC-nin kredit reytinqini "BB+" səviyyəsində, reytinq üzrə proqnozu isə "neqativ" olaraq təsdiq edib. 

    "Report"un "Fitch"ə istinadən verdiyi xəbərə görə, Bankın "dayanıqlılıq" reytinqi "bb-" səviyyəsindən "b+" səviyyəsinə endirilib. 

    Agentlik "Accessbank"ın kredit reytinqi üzrə "neqativ" proqnozu ölkənin müstəqil reytinqinə uyğun olaraq verildiyini bildirib.

    ***

    Agentlik "Accessbank"ın uzunmüddətli emitentin defolt reytinqinin "BB+" və "dəstək" reytinqinin "3" səviyyəsində təsdiq edilməsini əsasən Bankın beynəlxalq maliyyə institutları olan səhmdarları tərəfindən maliyyə yardımı almaq ehtimalları ilə əlaqələndirib. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD - AAA/stabil), KfW (AAA/stabil), Beynəlxalq Maliyyə Korporasiyası və Qara dəniz Ticarət və İnkişaf Bankının hər biri "Accessbank"da 20% paya sahibdir. Bankın səhmlərinin daha 16,5%-i "Access Microfinance Holding"ə, 3,47%-i "LFS Financial Systems GmbH."-yə məxsusdur.

    "Fitch" Bankın beynəlxalq səhmdarlarının inkişaf etməkdə olan bazarlarda mikromaliyyələşmə kreditlərinə strateji önəm verdiyi üçün "Accessbank"a dəstəyini davam etdirəcəyini bildirib. Bu qurumların Bankın birbaşa sahibləri olması, beynəlxalq maliyyə təşkilatlarının prinsiplərinin önəmli dərəcədə Bankın risklərinin idarə olunmasına inteqrasiya edilməsi, Bankdan yaxın zamanda ayrılmayacağı ehtimalları "Accessbank"a dəstək kimi qiymətləndirilib.

    Bununla bərabər, Bankın hər hansı potensial dəstək alması valyuta konvertasiyası və köçürməsində yarana biləcək məhdudiyyətlə çətinləşə bilər.

    Bankın dayanıqlılıq reytinqinin "bb-"dan "b+"a endirilməsi 2015-ci ildə baş verən manatın devalvasiyası nəticəsində "Accessbank"ın aktivlərinin keyfiyyətinin önəmli dərəcədə pisləşməsi ilə izah edilir. Bankın kapital əmsallarının səviyyəsinin zəruri həddə olması və yenidən maliyyələşmə risklərinin idarə edilməsi imkanları dayanıqlılıq reytinqinin müsbət olmasına təsir edib.

    Bu ilin ilk yarısının yekunlarına görə, "Accessbank"da 90 günü keçmiş problemli kreditlərin ümumi portfelin 20%-ni təşkil edib. Bunun da 57%-i ehtiyatlara ayırmalarla təmin edilib. Ötən ilin sonunda problemli kreditlərin xüsusi çəkisi 5%, ehtiyat ayırmaları 97% təşkil edib. Restrukturizasiya edilmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 54% olub.

    "Fitch" eyni zamanda Bankın aktivlərinin keyfiyyətinin daha da pisləşəcəyini, kapital çatışmazlığının yarana biləcəyini bildirib. Belə ki, 64 mln. manat problemli kreditlərə ayrılmayan ehtiyatlar və 388 mln. manat restrukturizasiya edilmiş kreditlər əlavə ehtiyat ayırmalarının yaranmasına səbəb ola bilər. Agentliyin qiymətləndirməsinə görə, Bankın 10%-lik tələbnaməyə uyğun kapital buferi yeni problemli kreditlərin yalniz 5%-ni örtə bilər. Bu da mövcud problemli kreditlərdən yarana biləcək zərərin təmin edilmsı üçün yetərli olmaya bilər.

    Bankın qısamüddətli yenidən maliyyələşmə ehtiyacı 2016-cı ilin ilk yarısında yavaşlasa da, hələ də önəmli həcmdə qalıb. Bu ilin ilk yarısının yekununda Bankın bir il müddətində olan öhdəlikləri məcmu öhdəliklərin 30%-ni təşkil edib. Bankın likvidlik ehtiyatı isə məcmu öhdəliklərin 92%-nə bərabər olub. Beynəlxalq maliyyə institutlarına rahat çıxış imkanı "Accessbank"ın maliyyələşmə və yenidən maliyyələşmə rsiklərini azaldır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi