Bakı. 12 mart. REPORT.AZ/ Qlobal maliyyə bazarlarının və neft sənayesinin yaxından izlədiyi Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti "Saudi Aramco"nun səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) 2019-cu ilə qədər təxirə salına bilər.
"Report" xəbər verir ki, bu barədə "The Financial Times" nəşri Səudiyyə Ərəbistanının rəsmi dairələrinə istinadən məlumat yayıb.
Məlumata görə, "Saudi Aramco"nun IPO-su ilkin mərhələdə ölkənin fond birjası "Tədavül"də həyata keçiriləcək. Səhmlərin xarici fond birjalarında yerləşdirməsi imkanları isə hələ araşdırılır.
"Saudi Aramco"nun maliyyə məsləhətçiləri hesab edir ki, ölkə şəhzadəsi Məhəmməd ibn Salman şirkətin hissələrinin satışından 2 trln. ABŞ dolları məbləğində gəlir əldə etmək hədəfinə çata bilməyib. Şirkətin illərlə qeyri-şəffaf idarə olunması da İPO üçün əlavə problemlər yaradıb.
Xatırladaq ki, "Saudi Aramco"nun səhmlərinin 5%-nin IPO-sundan 100 mlrd. dollar gəlir əldə edilməsi planlaşdırılıb.