Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycanda bu ilin fevralın 21-də həyata keçirilən milli valyutanın devalvasiyası ölkədəki bütün bank təşkilatlarına təsir göstərib. Bu proses biznes sahəsinə də təsirsiz ötüşməyib. "Report"un məlumatına görə, bunu "PAŞA Bank"ın İdarə Heyətinin sədri Fərid Axundov bildirib: "Burada açıq valyuta mövqeləri böyük olan banklar daha çox itkilərə məruz qalıb. "PAŞA Bank"ın isə devalvasiya nəticəsində təxminən 2 mln. manatdan bir qədər az itkisi olub".
Onun sözlərinə görə, spekulyativ əməliyyatlara daha meylli olan banklarda itkilər daha çox olub: "Nisbəti nəzərə alaraq "PAŞA Bank"da itkilər bankın tələbləri, aktivləri və mütləq rəqəmlərə baxanda ən aşağı səviyyədədir. Bu da ondan irəli gəlir ki, biz, ümumiyyətlə, spekulyativ əməliyyatlarla bazarda işləmirik və açıq valyuta mövqelərimizi həmişə qapalı saxlamışıq".
Bankın kredit portfelinin əsasən manatla olduğunu bildirən F.Axundov əlavə edib ki, dollarla olan kreditlər isə əsasən xarici ticarət əməliyyatlarının maliyyələşməsi ilə bağlı olub.