Bakı. 21 oktyabr. REPORT.AZ/ "Expressbank" ASC ABŞ dollarında qəbul etdiyi əmanətlərin illik faiz dərəcəsini azaldıb.
"Report" banka istinadən xəbər verir ki, faizlərin azalması həm klassik, həm də yığım əmanətində baş verib.
Məsələn, hazırda "Expressbank" 1 il müddətinə dollarla yerləşdirilmiş klassik əmanətlərə görə, faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 2-2,5% dividend ödəyir. Bu göstərici indiyə qədər 4-5% olub. Bank yığım əmanətlərinin 1 illik gəlirliliyini isə 3-4%-dən 1-1,5%-ə qədər azaldıb.
Bankın Azərbaycan manatı ilə əmanət qəbulu şərtlərində isə dəyişiklik yoxdur.
Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137 256 651 manatdır. Bankın səhmlərinin 40%-i "Azenco Group" MMC-yə, 25%-i Hikmət Xammədova, 17,69%-i "Enerqoservis" MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i isə "Avtonəqliyyatservis" MMC-yə məxsusdur.