Yuxarı

ƏSF "Bank of Azerbaijan"ın ləğvedicisi təyin olunub

Azad Cavadov: Banka borcu olan və ödəniş etməyən şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək

Bakı. 5 fevral. REPORT.AZ/ Əmanətlərin Sığortalanması Fondu (ƏSF) müflis elan edilmiş "Bank of Azerbaijan" ASC-nin ləğvedicisai təyin olunub. "Report" xəbər verir ki, Azərbaycan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ilə Bank müflis elan edilib və iflas prosedurasına başlanılıb, ƏSF isə ləğvedici təyin edilib.

Bununla əlaqədar olaraq, ləğvedici müflis elan edilmiş Bank qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirir ki, “Banklar haqqında” qanunun 72-ci maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Bundan başqa, bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılsa da, bankın aktivlərinə faizlərin və digər haqların hesablanması dayandırılmır.

ƏSF-in icraçı direktoru Azad Cavadovun "Report"a verdiyi məlumata görə, ləğvetmə prosesində olan “Bank of Azerbaijan”a borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək və bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.

Bankın ləğvedilməsi ilə əlaqədar olaraq müflis elan edilmiş Banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində Ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və məlumatları təqdim etməlidir. Bu məlumatlara kreditorun adı, ünvanı, tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri, tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat daxildir: "ƏSF debitor və kreditorlardan xahiş edir ki, elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etsinlər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi