Yuxarı

​Əmlak Məsələləri Dövlət Komitəsi “kütləvi çıxarış” kampaniyasında daha bir yenilik edib

Artıq mobil ofislər vətəndaşların sənədlərinin qəbulunu da yerlərdə gerçəkləşdirəcək

Bakı. 13 fevral. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi ötən ildən start verdiyi “kütləvi çıxarış” kampaniyası çərçivəsində növbəti yeniliyi edib. Komitə tərəfindən kampaniya artıq yeni formatda davam etdiriləcək.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovun “Report”a verdiyi məlumata əsasən, kampaniyadakı yenilik ondan ibarətdir ki, yerlərdə xüsusi nəqliyyat vasitələrində - mobil ofislər vasitəsilə keçirilən kampaniyada bundan sonra vətəndaşların əvvəllər əldə etdiyi mülkiyyətə dair sənədləri də qəbul ediləcək. Əvəllər bu ofislər yalnız sənədlərin çatdırılması xidmətini göstərirdilər, indi isə həm də sənədlərin yerlərdə qəbulunu həyata keçirəcəklər. Həmçinin kampaniya daşınmaz əmlak bazarının aktivləşməsinə, əmlakla bağlı əməliyyatların genişlənməsinə, daşınmaz əmlakın iqtisadi proseslərə cəlb olunmasına təkan verir.

Yeni formatda kampaniya Zaqatala rayonunda keçirilib. Belə ki, komitənin mobil ofislərində 250-yə yaxın vətəndaşa əvvəlki illərdə onlara verilmiş mülkiyyət sənədləri əsasında dövlət reyestrindən çıxarışlar təqdim olunub. Həmçinin 100-ə yaxın vətəndaşdan əvvəllər verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər mülkiyyət hüququnu təsdiq edən sənədlər də qəbul edilib.

Bununla yanaşı, “kütləvi çıxarış” kampaniyası çərçivəsində hüquqi maarifləndirmə aksiyasına da start verilib. Belə ki, kampaniyanın keçirildiyi şəhər və rayonlarda, kənd və qəsəbələrdə vətəndaşlar arasında daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə işləri də aparılır. Onlara daşınmaz əmlakın qeydiyyatının üstünlükləri, sosial-iqtisadi faydaları, qeydiyyat prosedurları, zəruri sənədlər və digər hüquqi məsələlər izah edilir.

Qeyd edək ki, indiyədək kampaniya 10-a yaxın rayonun kənd və qəsəbələrində, o cümlədən Saatlı, Şəmkir, Abşeron, Cəlilabad, Qəbələ, Şəki, Göygöl, Masallıda həyata keçirilib. Kampaniya başlayandan bu günədək ümumilikdə 2500-ə yaxın vətəndaş faydalana bilib. Bu xidmətlərə həm də fərdi həyət evi, mənzillər, bağ evlərinin, torpaq sahələrinin, qeyri-yaşayış obyektlərinin ilkin və təkrar qeydiyyatı, daşınmaz əmlaka dair plan-sxemin, texniki pasportların tərtibi, daşınmaz əmlakın yüklülüyünə dair arayışların verilməsi aiddir.

Xatırladaq ki, bu kampaniya Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2014-cü il tarixli fərmanına uyğun olaraq həyata keçirilir. Belə ki, fərmana əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər hüquq təsdiq edən sənədlər kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilir.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 saylı qaynar xəttinə zəng vurmaqla mobil ofis xidmətlərindən faydalanmaq mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi