Yuxarı

​Əmanətlərin Sığortalanması Fonduna üzv bankların ödədiyi sığorta haqları dəyişməyəcək

Azad Cavadov: Mərkəzi Bankdan əlavə vəsait cəlbinə ehtiyac yoxdur

Bakı. 14 mart. REPORT.AZ/ Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv olan kommersiya banklarının ödədiyi sığorta haqlarının tarifləri dəyişdiriməyəcək. Bunu "Report"a ƏSF-nin icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, əvvəllər bu məsələ müzakirə olunsa da hazırda gündəmdə deyil və əmanətlərin sığortalanması üzrə bankların ödədiyi faizlərin onların risk qrupundan asılı olaraq dəyişməsi nəzərdə tutulmur.

Hazırda bütün banklar sığorta fonduna eyni dərəcə ilə - əmanətin 0,5%-i miqdarında sığorta haqqı ödəyir.

Qeyd edək ki, bundan əvvəl gələcəkdə Fonda üzv olan kommersiya banklarının ödədiyi sığorta haqlarının risk dərəcəsinə görə dəyişə biləcəyi bildirilmişdir. Artıq müvafiq qanun layihəsinin üzərində iş aparıldığı və bankların risk dərəcəsinə görə onlardan əmanətlərin sığortalanması üçün yığılan faizlər dəyişdirilməsi planlaşdırılırdı.

Həmçinin, A.Cavadov Mərkəzi Bankdan yenidən vəsait cəlbinə ehtiyac olmadığını vurğulayıb. Onun sözlərinə görə, Fondun hesabında kifayət qədər vəsait var. Qeyd edək ki, Fond bu ay Mərkəzi Bankdan 22 mln. manat həcmində illik 5%-lə 1 il müddətinə kredit cəlb edib.

Cari ildə ƏSF tərəfindən borc vəsaitlərinin cəlb edilməsində edilən dəyişikliyə əsasən, Fondun likvid (nağd pula tez çevrilən) aktivləri son hesabat dövrünə qorunan əmanətlərin 1%-dən aşağı düşdükdə və ya kompensasiyaların ödənilməsi üçün vəsaitin kifayət etməməsi ehtimalı yarandıqda Himayəçilik Şurası Fond tərəfindən borc vəsaitlərinin cəlb edilməsi barədə qərar qəbul edir.

Prezidentin qərarı ilə Azərbaycanda mart ayından etibarən kommersiya banklarına yerləşdirilən bütün əmanətlər tam həcmdə sığortalanır. Əmanətlərin tam sığortalanması ilə bağlı prezidentin qərarı 3 il (2019-cu ilin martına qədər) qüvvədə olacaq.

Həmçinin, 1 mart 2016-cı il tarix tarixdən etibarən üzv banklarda yeni qəbul edilən əmanətlər üzrə illik faiz dərəcəsi xarici valyutada 3%-dən və milli valyutada 12%-dən yuxarı olarsa, bu əmanətlər Fond tərəfindən sığortalanmır və onlara görə kompensasiya ödənilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi