Yuxarı
    Bağlamaq

    Ekspertlər: SOCAR istiqrazlarına tələbat kəskin artıb

    Bu barədə investisiya şirkətlərindən bildirilib

    Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dövriyyəyə buraxdığı istiqrazlara görə ilk faiz ödənişini həyata keçirməsi əhalinin bu qiymətli kağızlara marağını kəskin artırıb. “Report” xəbər verir ki, bu barədə investisiya şirkətlərindən bildirilib.

    Şirkətlər faizlərin ödənilməsindən sonra SOCAR istiqrazlarını almaq üçün müraciətlərinin artdığını bildirirlər: “Gözləntilərin doğrulması, yəni istiqrazlar üzrə faizlərin ödənişi vətəndaşların istiqrazlara yatırım vasitəsi kimi inamını çoxaldıb. Digər tərəfdən, bazarda çevik və gəlirli investisiya aləti olan SOCAR istiqrazları öz rəqiblərini üstələyir”.

    “Kapital Menecment” investisiya şirkətinin analitiki Cəfər İbrahimli hesab edir ki, bunun səbəblərindən biri insanların bəzilərinin indiyədək gözləmə mövqeyi tutmasıdır: “Bəzi investorlarda gözləmə mövqeyi var idi. İnsanlar bilmək istəyirdilər ki, istiqrazlar üzrə vədlər necə yerinə yetiriləcək, onlar vaxtında geri alınacaqmı, qoyulan şərtlər emitent və ya market-meyker tərəfindən yerinə yetiriləcəkmi və ya faizlər deyilən vaxtda və şərtlərdə icra olunacaqmı”.

    Mütəxəssis bildirir ki, istiqrazlar üzrə bütün şərtlər bu günə qədər icra olunub: “Hesab edirəm ki, bu, investorlar üçün daha cəlbedici olacaq və investorların istiqrazlara marağı daha da artacaq”.

    Onun sözlərinə görə, hazırda bazarda dollarla buraxılan, gəlirliyi və digər parametrlərinə görə SOCAR istiqrazları ilə müqayisə edilə bilən alətlər yoxdur: “2016-cı ilin əvvəlində Maliyyə Nazirliyi dollarla istiqraz buraxmışdır illik 3,5% gəlirlikdə, amma sonradan onların buraxılması dayandırılıb”.

    Dollarla vəsaitin yatırılması üçün digər üsul olan banklar da istiqrazlarla müqayisə edilə bilmir: “Banklara əmanət şəklində yerləşdirilməni siğortalanma çərçivəsində nəzərə alsaq gəlirlilik 3%-dir. Hətta bəzi banklar 1-3% gəlirlik təklif edir”, - deyə C.İbrahimli qeyd edib.

    Xatırladaq ki, SOCAR-ın 5 il müddətinə buraxdığı istiqrazların ümumi həcmi 100 mln. dollar, 1 ədədinin nominal dəyəri 1 000 dollardır. SOCAR istiqrazlarının illik gəlirliyi 5% təşkil edir, bu faizlər rübdə bir dəfə ödənilir. Faiz ödənişləri də dollarla həyata keçirilir. İstiqrazları istənilən vaxt təkrar bazarda satmaq, ən azı nominal dəyərinə geri qaytarmaq mümkündür.

    İstiqrazlar üzrə ilk faiz ödənişi yanvarın 17-də baş tutub. Belə ki, istiqrazların bazara buraxılmasından sonra ilk 3 ayın sonunda istiqraz sahiblərinə ümumilikdə 1,25 mln. dollar faiz ödənib. Növbəti faiz ödənişləri aprel, iyul və oktyabr aylarının 17-də həyata keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi