Yuxarı

​Ekspertlər: Rusiya iqtisadiyyatında problemlər iki il davam edəcək

HSBC: Rusiyada ÜDM-də ən çox azalma bu ilin son rübündə gözlənilir

Bakı. 14 avqust. REPORT.AZ/ Rusiya iqtisadiyyatında müşahidə olunan resessiya 2017-ci ilə qədər davam edəcək. "Moody's" reytinq şirkətinin "Moody's Analytics" iqtisadi tədqiqatlar şöbəsinin ekspertlərinin fikrincə, Rusiya bu ilin ilk rübündə resessiya mərhələsinə girib və bu vəziyyət iki il davam edə bilər. Qeyd edək ki, Rusiyada ÜDM bu ilin II rübündə proqnozdan (4,4%) artıq - 4,6% azalıb. İlk rübdə isə azalma 2,2% olub. "Capital Economic's" konsaltinq şirkəti III rübdə Rusiya iqtisadiyyatının 6,3% azalacağını, "HSBC Holdings" maliyyə qrupunun tədqiqatçıları isə ÜDM-də ən çox azalmanın bu ilin son rübündə olacağını proqnozlaşdırırlar.

"Report" xəbər verir ki, Vaşinqtonda yerləşən "IHS Global Insight" investisiya fondunun iqtisadçısı Çarlz Movitin fikrincə, iqtisadi artım mərhələsinə Rusiya ancaq 2017-ci ildə keçə bilər. Belə ki, neftin qiymətinin azalması rubla təzyiqi artırır və inflyasiyanı sürətləndirir. Nəticədə, istehlakçı ağır vəziyyətə düşür. Neftin qiyməti cari səviyyədə davam edərsə, Rusiya iqtisadiyyatı ən az iki il resessiyadan çıxa bilməyəcək.

Qeyd etmək lazımdır ki, Rusiyada iyul ayında illik inflyasiya 15,6% olub. Rusiya Mərkəzi Bankı isə bu il üçün inflyasiyanı 10,8% səviyyəsində proqnozlaşdırır.

HSBC bankının Rusiya üzrə aparıcı iqtisadçısı Aleksandr Morozov bildirib ki, neftin qiymətinin sürətlə düşməsi ölkədəki maliyyə sabitliyi poza bilər.

Helsinkidə yerləşən "Danske Bank"ın strategiyalar üzrə iqtisadçısı Vladimir Miklaşevski qeyd edib ki, valyuta korrektələri Rusiya iqtisadiyyatına xaricdən gələn zərbələri həzm etməyə imkan verəcək. "Əgər Rusiya Mərkəzi Bankı rublun ucuzlaşmasına imkan verərsə, iqtisadiyyatı neft şokundan xilas edə bilər. Uzunmüddətli perspektivdə neftin bugünkü aşağı qiyməti Rusiya iqtisadiyyatına müsbət təsir edəcək, nəhayət ki, iqtisadiyyatın diversifikasiyası həyata keçiriləcək", - deyə V.Miklaşevski bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi