Ekspertlər: ​OPEC ölkələri üçün neftin fiskal tarazlıq qiyməti 98,83 dollardır

Ekspertlər: ​OPEC ölkələri üçün neftin fiskal tarazlıq qiyməti 98,83 dollardır Neft fondlarının həcmi 2014-cü ildən azalır və artıq 7 trln. dollara düşüb
Maliyyə
14 Mart , 2016 14:19
Ekspertlər: ​OPEC ölkələri üçün neftin fiskal tarazlıq qiyməti 98,83 dollardır

Bakı. 14 mart. REPORT.AZ/ "Cari neft qiymətlərində böyük ehtimalla yaxın zamanlarda ciddi dəyişiklik olmayacaq və neft hasilatçısı olan ölkələr fiskal ehtiyaclarını örtmək üçün ölkələrinin rifah fondlarından 2016-cı ildə 236,5 mlrd. dollar xərcləyəcək. Məbləğin yarıdan çoxu isə OPEC ölkələrinin payına düşəcək. OPEC ölkələrinin fiskal tarazlıq əldə etmələri üçün neftin qiymətinin 98,83 dollar/barel səviyyəsinə yüksəlməsi zəruridir". "Report" xəbər verir ki, bu barədə "RBC Capital Markets" proqnoz irəli sürüb.

RBC analitiklərinin fikrincə, "Brent" markalı neftin ardıcıl 3 həftədir artım göstərməsi neft hasilatçısı olan ölkələrin rifah fondundan istifadə etmələrinin qarşısını ala bilməyəcək. "RBC Capital Markets"in xammal bazarları üzrə analitiki Helma Kroft bildirib ki, neft hətta cari səviyyədə stabilləşsə də, neft hasilatçısı ölkələri üçün 2016-cı il çətin keçəcək. Neft ölkələri xərclərini azaltmağa, valyuta ehtiyatlarından istifadə etməyə və xarici borclanmaya getməyə məcbur olacaq. Belə ki, "Moody's" beynəlxalq reytinq agentliyi keçən həftə Rusiya, Qətər, Səudiyyə Ərəbistanı və Küveyt kimi iri neft hasilatçılarının reytinqini azalda biləcəyi barədə xəbərdarlıq edib. Reytinqin azaldılmasının bu ölkələrin daha bahalı maliyyələşmə əldə etməsinə səbəb olacağı qeyd edilir.

Neft hasil edən ölkələr artıq büdcə kəsirlərini örtmək üçün rifah fondlarına əl atıb. Bu fondlar isə əsasən neft satışı hesabına formalaşır. Hazırda bu tip fondlarda ümumilikdə 7,1 trln. dollar həcmində vəsait var və 2014-cü ildən bu göstərici azalır.

Son xəbərlər

Orphus sistemi