Yuxarı

​Ekspertlər: Dünya neft bazarında müharibə yeni başlayır

Rusiya neft istehsalında dünya lideri olub

Bakı. 4 iyun. REPORT.AZ/ Bu ilin may ayında Rusiyada gündəlik neft hasilatı 10,708 mln. barelə çatıb. Bunun nəticəsində həmin göstərici üzrə dünyada liderliyi itirən Səudiyyə Ərəbistanında isə hasilat 10,250 mln. barel olub.

"Report"un "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, may ayında Rusiyada neft və qaz kondensatı hasilatı 45,28 mln. ton olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,67% çoxdur. Qeyd edək ki, apreldə hasilat 43,7 mln. ton olub.

Mütəxəssislərin fikrincə, dünya bazarında təklif bolluğu neft qiymətləri üzərində gərginlik yaratmaqda davam edir. Hazırda "Brent" markalı neftin qiyməti 63 dollar/barelə yaxındır. İnvestorlar iyunun 5-də keçiriləcək OPEC iclasında neft hasilatının artırılması ilə bağlı qərarın qəbul olunacağını istisna etmirlər.

"Broker Kredit Servis" maliyyə qrupunun analitiki Mark Bredford hesab edir ki, OPEC-in hasilat kvotalarını artırması qərarı İran və İraqın neft ixracını genişləndirmək istəməsinə cavab olacaq. Məlum olduğu kimi, bu iki ölkə aprel-may aylarında neft ixracını əhəmiyyətli şəkildə artırıblar. Belə ki, İraqın aprel ayında gündəlik ixracı 3,1 mln barel olub. İran isə gündəlik hasilatı 2,78 mln. barelə yüksəldib. Bu ölkələrin rəsmilərinin verdiyi məlumatlara əsasən, İraqın yaxın illərdə neft ixracında hədəfi 6 mln. barel/gün, İranınki isə 4 mln. barel/gündür.

Beynəlxalq Energetika Agentliyi (BEA) OPEC və kartelə üzv olmayan ölkələr arasında yeni, ciddi rəqabətin başladığını bildirir: "OPEC neftin qiymətini aşağı salmaqla Rusiya və Braziliya kimi ölkələrə təsir edə bilməyib. Adı çəkilən ölkələr hasilatı artırmağa davam edir. Bu səbəbdən də OPEC-in qalib gəldiyini söyləmək mümkün deyil. Müharibə yeni başlayır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi