Ekspertlər: ​"Balanslaşdırılmamış büdcə yeni maliyyə şoklarına səbəb ola bilər"

Ekspertlər: ​"Balanslaşdırılmamış büdcə yeni maliyyə şoklarına səbəb ola bilər" Yüksək büdcə kəsiri iqtisadiyyat üçün ağır borc yükü yaradır, kapitalı ölkədən çıxarır, valyuta məzənnələrini çökdürür
Maliyyə
19 Aprel , 2016 16:56
Ekspertlər: ​Balanslaşdırılmamış büdcə yeni maliyyə şoklarına səbəb ola bilər

Bakı. 19 aprel. REPORT.AZ/ Balanslaşdırılmamış dövlət büdcəsi valyuta məzənnələrinin çökməsinə və yeni şoklara gətirib çıxara bilər. Bu xəbərdarlıqla Rusiya Bankı (Mərkəzi Bank) sədrinin birinci müavini Kseniya Yudaeva çıxış edib. 

"Report"un RBK agenliyinə istinadən verdiyi xəbərə görə, K.Yudaeva Rusiyanın BRİCS ölkələrinin səhvlərini təkrarlamamasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, büdcənin optimallaşdırılması zəruridir və xərclər gəlirlərin səviyyəsi ilə uyğunlaşdırılmalıdır. Ali İqtisadiyyat Məktəbində (VŞE) çıxış edən K.Yudaeva deyib ki, büdcə düzəlişlərinin mümkün qədər qısa müddətdə təmin olunmaması maliyyə və valyuta bazarlarında volatilliyə gətirib çıxara bilər: "Bu da öz növbəsində iqtisadi artım üçün yeni şoklar yaradar".

O, həmçinin çıxışında həddindən artıq böyük büdcə kəsirinin real valyuta məzənnəsinin bahalaşmasına və yerli şirkətlər üçün rəqabət imkanlarının azalmasına səbəb ola biləcəyini qeyd edib. Digər tərəfdən, yüksək büdcə kəsirinin iqtisadiyyata ağır borc yükü təşkil edəcəyi, bunun nəticəsində bazarın hökumətə inamının itməsi, kapitalın ölkədən axını, valyuta məzənnəsinin çökməsi və iqtisadi artımın azalmasına səbəb olacağı vurğulanır.

K.Yudaeva keçən il BRİCS ölkələrindən Braziliya və Cənubi Afrikada büdcə kəsirinin artması problemləri səbəbindən valyuta məzənnələrində volatilliyin artdığını deyib. "Biz bu səhvləri buraxmamalıyıq", - deyə o sözlərinə davam edib. Rusiya Bankının önündə duran əsas vəzifənin orta müddətdə, təxminən 3 il ərzində tədricən büdcə kəsirinin azaldılması və daha sonra yeni büdcə qaydalarının tətbiqi nəzərdə tutulub.

"Report"un analitik qrupu bildirir ki, büdcə kəsirinin azaldılması xüsusilə dövlət investisiya xərclərinin kəskin azaldılması mənası daşıyır. Belə olduğu halda, iqtisadi artımın azalması, işsizliyin yüksəlməsi qaçılmazdır. Həmçinin, büdcə xərclərinin azaldılması büdcə gəlirlərinin təmin olunmasında da problemlər yaradacağından iqtisadi islahatların aparılması zərurəti ön plana çıxır.

Son xəbərlər

Orphus sistemi