​Ekspertlər Avrozonanın bu il iqtisadi durğunluqdan çıxmasına pessimist yanaşırlar

​Ekspertlər Avrozonanın bu il iqtisadi durğunluqdan çıxmasına pessimist yanaşırlar Avropa Mərkəzi Bankı yumşaq pul siyasətini davam etdirəcək və bu, avronun daha da ucuzlaşmasına gətirib çıxaracaq
Maliyyə
6 Yanvar , 2015 13:41
​Ekspertlər Avrozonanın bu il iqtisadi durğunluqdan çıxmasına pessimist yanaşırlar

Bakı. 6 yanvar. REPORT.AZ/ Ötən il Avropanın aparıcı iqtisadiyyatları olan Almaniya və Fransada deflasiya riski, avronun sürətlə ucuzlaşması, birbaşa investisiyaların azalması və Yunanıstanın Avropa İttifaqını tərk etməsi ehtimalının yüksəlməsi fonunda ekspertlər 2015-ci ildə Avrozonanın iqtisadi durğunluqdan çıxmasına pessimist yanaşırlar.

"Report"un "BBC News"a istinadən verdiyi xəbərə görə, ekspertlərin fikrincə, mövcud deflasiya riski istehlakçıların gələcəkdə bazar qiymətlərinin azalması gözləntilərini artırır ki, bu da cari xərcləri azaltmaqla istehsalçılara ciddi ziyan vurur. Bu, birbaşa investisiyaların yerli iqtisadiyyatdan xaricə axınına gətirib çıxarır. Yaranmış vəziyyətdən çıxmaq üçün Avropa Mərkəzi Bankı 2015-ci ildə yumşaq pul siyasəti keçirməyi planlaşdırır ki, bu da avronun dünya bazarında daha da ucuzlaşmasına gətirib çıxara bilər.

Bi il ekspertlər ən zəif iqtisadi artım tempi olan Fransa və İtaliyada iqtisadi siyasət sahəsində fundamental islahatların aparılmasını, həmçinin avronun ucuzlaşması fonunda ixracın artmasını proqnozlaşdırırlar. Bundan əlavə, dünya neft bazarında qiymətlərin son 6 ayda 50%-dən çox enməsi gəlirlərin bu bazarda istehsalçı ölkələrdən istehlakçı ölkələrə transfer olmasına gətirir ki, bu da Avropa ölkələri üçün əlverişlidir.

Qeyd edək ki, yanvarın 6-da Azərbaycanda avronun rəsmi məzənnəsi 0,9372 manat təşkil edib, WTI və "Brent" markalı neftin bir barelinin qiyməti (Bakı vaxtı ilə saat 12:30-a) isə müvafiq olaraq 49,56 və 52,57 ABŞ dolları təşkil edib. 

Son xəbərlər

Orphus sistemi