Yuxarı

Ekspertlər: "Avronun bahalaşması davam edəcək"

Proqnoz: Bu səbəbdən Azərbaycanda dolların məzənnəsi 1,40-1,45 AZN/USD-yə qədər geriləyə bilər

Bakı. 7 aprel. REPORT.AZ/ Dünən, aprelin 6-da ABŞ Federal Ehtiyat Sisteminin (FES) mart ayında baş tutan iclasının protokolları acıqlanıb. "Report" xəbər verir ki, protokolları təhlil edən investorlar dollar ehtiyatlarını satmağa başlayıblar. Nəticədə, əsas valyuta cütlüyü sayılan USD/EUR aprelin 6-da 1,1327 səviyyəsinə endikdən sonra 0,9% artaraq 1,1431-ə qədər yüksəlib. Qeyd edək ki, hazırda cütlük 1,1420 USD/EUR-a yaxın səviyyədədir.

Protokolların təhlili onu göstərir ki, FES-in İdarə Heyətinin səsvermə hüququ olan bir çox üzvü ABŞ-da aşağı inflyasiya, qlobal iqtisadiyyatda baş verən yavaşlama və onun ABŞ-a təsirindən ehtiyat edirlər. Buna baxmayaraq, FES rəhbərliyi monetar siyasətin sərtləşdirilməsinin tərəfdarı kimi çıxış edir. Hətta, aprel ayında uçot dərəcəsinin artırılmasını dəstəkləyənlər də var. Kanzas-Citi ştatının FES rəhbəri Ester Corca görə, uçot dərəcəsinin artırılmasının yubadılması FES-ə inflyasiya hədəflərinə çatmaqda mane ola bilər. Klivlend FES-inin rəhbəri Loretta Mester isə bostonlu həmkarı Erik Rozenqreni dəstəkləyərək bildirib ki, uçot dərəcəsinin mərhələli şəkildə artırılması təhlükəli addımdır və bunun daha sərt şkildə həyata keçirmək lazımdır. Sent-Lyuis ştatının FES rəhbəri Ceyms Bullard inflyasiyanın aşağı olmasına diqqət çəksə də, martda əmək bazarı göstəricilərinin möhkəm statistikasına əsaslanaraq uçot dərəcəsinin artırılmasını mümkün sayır. Ümumiyyətlə, məmurlar gözləmə mövqeyində olsalar da, uçot dərəcəsinin artırılması imkanlarının olduğunu qeyd ediblər.

Buna baxmayaraq, ABŞ federal fondlarının fyuçers kontraktlarının qiymətləri göstərir ki, investorlar FES-in uçot dərəcəsini 2017-ci ilin iyun ayından əvvəl artırmayacaq.

Bu gün Avropa Mərkəzi Bankı (ECB) da mart iclasının nəticələrinə dair protokolları açıqlayacaq. Axşam saatlarında ECB rəhbəri Mario Draginin çıxışı gözlənilir. Qeyd edək ki, iclasdan bu günə qədər avro dollara qarşı 6 bənd möhkəmlənib. "Report"un analitik qrupu hesab edir ki, bugünkü çıxışında M.Dragi avronun daha çox möhkəmlənməməsi və Avrozona iqtisadiyyatına zərər verməməsi üçün monetar ekspansiyanın davam edəcəyini və vacibliyini vurğulaya bilər. Lakin nəticə etibarı ilə maliyyə bazarlarında spekulyativ hərəkətlər onu göstərir ki, USD/EUR məzənnəsi artıma meyillidir və artım 1,15 USD/EUR səviyyəsini keçəcəyi təqdirdə çox qısa müddətdə 1,22 USD/EUR səviyyəsinə qədər davam edəcək. Bu durum Azərbaycan manatının da möhkəmlənməsinə və dolların 1,40-1,45 AZN/USD səviyyəsinə qədər geriləməsinə gətirib cıxara bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi