Yuxarı

Yunanıstan Avrozonanı tərk etsə, avro möhkəmlənəcək

Ekspert: Baş verən proseslərdən daha çox Şərqi Avropa zərər çəkəcək

Bakı. 6 iyul. REPORT.AZ/ "Hazırkı durumda avro/dollar məzənnəsinin inkişaf perspektivlərini proqnozlaşdırmaq çox çətindir. Əgər Yunanıstan həqiqətən də avrozonanı tərk etmək qərarını həyata keçirərsə, o zaman avro həftənin sonunadək möhkəmlənəcək. Hazırda, ilk 24-48 saat ərzində 2-5% həddində dəyişmənin olacağını ehtimal edirəm". "Report"un verdiyi xəbərə görə, bunu “Saxo Bank”ın baş iqtisadçısı Stin Yakobsen Yunanıstandakı hadisələrin maliyyə bazarlarına təsirini şərh edərkən deyib.

O, bildirib ki, Almaniyanın ən əhəmiyyətli fond indeksi olan DAX-ın növbəti həftələrdə Avropa Mərkəzi Bankı və Federal Ehtiyat Sisteminin 2010-2011-ci illərdə həyata keçirdiyi anti-böhran tədbirlərini təkrarlamayacağı halda 10% aşağı düşməsi ehtimal olunur. Onun sözlərinə görə, eyni zamanda Bolqarıstan, Xorvatiya və Rumıniyada maliyyə bazarlarında marjalar əhəmiyyətli dərəcədə artacaq.

"Ümumilikdə, baş verən hadisələr nəticəsində Avropa itkilərə məruz qalıb. Yunan faciəsi həlli olmayan bir məsələdir və burada qazanan tərəf yoxdur. Avropa hazırda gərgin və inadcıl vəziyyətdədir. Yaxın 24 saat ərzində yeni razılaşmanın əldə olunması ilə bağlı bəyanatlar isə sadəcə fantaziyadır", - deyə baş iqtisadçı qeyd edib.

S.Yakobsen qeyd edib ki, referendumun nəticəsi olaraq maliyyə bazarlarının likvidliyi risk altında qalır: "Belə ki, Yunanıstanın Avrozonanı tərk etməsi əsaslı bir iddiaya çevrilib. Avropanın regiondakı “geosiyasi vəziyyəti” ön plana çəkməklə sərt bəyanatlarına baxmayaraq, Yunanıstana yardımı genişləndirməsi ehtimalı 25% olaraq qiymətləndirilir ki, nəticə olaraq 75% bunun əksinədir. Səhm bazarlarında 5%, sabit gəlirli qiymətli kağızlar bazarında isə marjaların 20-50%-dək artacağı gözlənilir. Baş verən proseslərdən Şərqi Avropa daha çox zərərə məruz qalacaq".

O bildirib ki, Yunanıstanın referendumda "Yox" cavabını seçməsi başa düşüləndir, çünki hökumətin kreditorların şərtlərinə razılıq verməsi nəticəsində ölkədə sosial vəziyyətin daha da gərginləşməsi gözlənilirdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi