Yuxarı

​EBRD Cənub Qaz Dəhlizi layihəsində iştirak edəcək - YENİLƏNİB II

Bank xaricdə yerləşdirmək üçün manat istiqrazlarının emissiyası ilə bağlı Azərbaycana yardım edəcək

Bakı. 8 may. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Sir Suma Çakrabarti Cənubi Qafqaz ölkələrinə rəsmi səfəri çərçivəsində bu gün Azərbaycana gəlib. Bu, EBRD prezidentinin bu vəzifəyə təyin olunduqdan sonra Azərbaycana ikinci rəsmi səfəridir. "Report"un verdiyi xəbərə görə, bunu S.Çakrabarti bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

S.Çakrabarti qeyd edib ki, indiyədək Bank Azərbaycan iqtisadiyyatına 156 layihə çərçivəsində 2,33 mlrd. avrodan artıq vəsait yatırıb.

Səfər zamanı EBRD başçısı Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov və digər rəsmilərlə görüşüb. Eyni zamanda, qonaq biznes və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirəcək.

S.Çakrabarti qeyd edib ki, tərəflər arasında əldə olunmuş ilkin razılığa əsasən, EBRD Azərbaycan hökumətinə xarici bazarlarda yerləşdirmək məqsədilə manat istiqrazlarının emissiyası layihəsinə yardım edəcək: "İlin sonuna kimi buna nail olmağa çalışacağıq. Bu həyata keçirilərsə, EBRD Azərbayan manatı ilə qiymətli kağız buraxan ilk beynəlxalq təşkilat olacaq".

"Şahdəniz-2" layihəsinin icrası ilə bağlı Bank növbəti sindikatlaşdırılmış kreditin təşkilini həyata keçirəcək. S.Çakrabarti bildirib ki, kreditin məbləği hələ müəyyənləşməyib. Onun sözlərinə görə, kreditin məbləği məsələsi yayın ortalarında keçiriləcək EBRD-nin Direktorlar Şurasının iclasında müzakirə olunacaq və təsdiqləndikdən sonra məlumat veriləcək. Bundan başqa, böyük ehtimalla biz Cənub Qaz Dəhlizi layihəsində də iştirak edəcəyik", - Bank rəhbəri bildirib.

Bununla yanaşı, EBRD artıq bu il Azərbaycanın kənd təsərrüfatı sektoruna kredit ayıracaq. Layihənin ilkin məbləği 50 mln. ABŞ dollarıdır.

S.Çakrabarti əlavə edib ki, Mərkəzi Bankda keçirilən görüşdə müxtəlif məsələlər, o cümlədən kiçik və orta sahibkarlığa kreditlərin ayrılması, kapitallaşma məsələləri, həmçinin EBRD-nin Azərbaycanda bankların konsolidasiyası aparılarsa, bu prosesə necə dəstək olacağı müzakirə olunub: "Bundan başqa, aqrobiznes mexanizminin başlanması, qiymətli kağızlarla bağlı məsələlərə baxılıb".

"Bu, Azərbaycana ikinci səfərimdir. Səlahiyyətimizə 35 ölkə daxildir və buna görə də belə qısa müddətdə Azərbaycana ikinci dəfə səfər etməyim bu ölkənin EBRD üçün nə dərəcədə önəmli olduğunu göstərir. Həmçinin Azərbaycan üçün də Bank vacib əhəmiyyət kəsb edir. Son 22 ildə Azərbaycanda qeyri-neft sektorunda özəl şirkətlərə investisiya yatıran ən böyük qurum EBRD-dir. Bu baxımdan 2014-cü il rekord ili olub. Belə ki, ötən il ölkədə 21 layihəyə 238 mln. avro vəsaitə sərəncam verilib. Layihələrin mahiyyəti iqtisadiyyatın şaxələndirilməsi, rəqbətliliyin artırılması, maliyyə institutlarının potensialı və xaricdən birbaşa investisiyaların artırılmasına yönəldilib", - Bank başçısı vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi