Yuxarı

​EBRD Azərbaycanda yeni layihələr üzrə müzakirə aparır

Nil Makkeyn: Düşünürəm ki, özəl sektor yaranmış vəziyyətdən çıxa bilər

Bakı. 29 fevral. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda bir çox layihələr üzrə müzakirələr aparır. "Report" xəbər verir ki, bunu EBRD-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Nil Makkeyn bildirib: "Biz Cənub Qaz Dəhlizi layihəsini də dəstəkləyirik".

N.Makkeyn qeyd edib ki, Bank "Şahdəniz" layihəsinin maliyyələşdirilməsində iştirak edib.

EBRD-nin ölkə üzrə rəhbəri bank işçiləri üçün təlimlərin keçirildiyini, lakin bank sektorundakı vəziyyətlə bağlı kredit xəttinin ayrılmadığını bildirib: "Bizim tərəfdaşlarımız hələlik vəziyyətin sabitləşməsini gözləyir. Bundan sonra yeni kredit xəttinin ayrılmasına baxıla bilər".

Onun sözlərinə görə, kənd təsərrüfatı, orta sahibkarlıqla bağlı layihələr də mövcuddur: "İndi bank sektorunda çox şey anlaşılmazdır. Biz başa düşürük ki, onlar gözləmək istəyirlər. Bu, düzgün siyasətdir. Artıq cari ilin ikinci yarısında vəziyyət dəyişə bilər".

N.Makkeyn bildirib ki, bu il böyük infrastruktur və qaz layihələri baxımından yaxşı il ola bilər: "Düşünürəm ki, özəl sektor yaranmış vəziyyətdən çıxa bilər və onlara kömək etməyə çalışırıq".

EBRD rəsmisi həmçinin xarici valyutada verdikləri kreditlərin konvertasiya olunaraq manatla ödənilə biləcəyini əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi