​Dünyanın ehtiyat valyutalarının sayı artır

​Dünyanın ehtiyat valyutalarının sayı artır Yuan 15 faizə qədər devalvasiya ola bilər
Maliyyə
14 Noyabr , 2015 13:21
​Dünyanın ehtiyat valyutalarının sayı artır

Bakı. 14 noyabr. REPORT.AZ/ Çin yuanı Beynəlxalq Valyuta Fondunun (BVF) Xüsusi Borclanma Hüququ (SDR) statusuna sahib olmağa hazırlaşır. "Report" xəbər verir ki, dünən BVF icraçı direktoru Kristin Laqard Çin yuanının SDR səbətinə daxil olmasını tövsiyə edib. 

BVF ekspertləri yuanın sərbəst tədavül edən və geniş istifadə olunan valyuta olduğu qənaətinə gəliblər. BVF icraçı direktoru ekspertlərin fikrini dəstəkləyərək bildirib ki, çin yuanı ilə bağlı qərar BVF-nin 30 noyabr tarixində keçiriləcək növbəti iclasında qəbul ediləcək. Çin Mərkəzi Bankı BVF-nin bu qərarını dəstəklədiyini və ölkənin maliyyə sistemində islahatların bundan sonra da davam edəcəyini bildirib.

Qeyd edək ki, SDR 1969-cu ildə BVF tərəfindən yaradılıb. Hazırda SDR ABŞ dolları, funt sterlinq, yen və avrodan ibarətdir. 17 mart 2015-ci il tarixinə BVF üzv ölkələr arasında 204 mlrd. SDR və ya 280 mlrd. dollar bölüşdürülüb. Bölüşdürülmə hər bir ölkənin BVF-də üzvlük haqqına görə aparılır.

"Report" Analitik Qrupu bildirir ki, yuanın SDR-in tərkibinə daxil olmasından sonra sərbəst valyuta məzənnəsinə keçməsi məcburiyyəti yaranır. Hazırda Çin Mərkəzi Bankı yuanın məzənnəsini valyuta bazarına intervensiyalar keçirərək dəstəkləyir. Amma 30 noyabr tarixindən sonra yuan dünyanın əsas valyutaları ilə müqayisədə öz bazar qiymətini müəyyənləşdirməyə çalışacaq. Proqnozlar onu göstərir ki, CNY/USD məzənnəsi hazırkı səviyyəsindən (6,35 CNY/USD) artaraq 7-7,5 CNY/USD səviyyəsinə yüksələ bilər. Bu, yuanın devalvasiyası deməkdir. Belə bir vəziyyətdə dünya iqtisadiyyatı ciddi mənfi təsirə məruz qala bilər. Çinin qonşu ölkələri də daxil olmaqla dünyanın bir çox ölkəsi milli valyutasını devalvasiya etmək məcburiyyətində qala bilər.

Son xəbərlər

Orphus sistemi