Yuxarı

​Dünya iqtisadiyyatı resessiya mərhələsinə daxil olur

Qlobal iqtisadiyyatın normallaşması üçün isə böhranın dərinləşməsi qaçılmazdır

Bakı. 25 may. REPORT.AZ/ Dünyanın ən böyük iqtisadiyyatına sahib olan ABŞ ilk rübü 0,2% ÜDM artımı ilə başa vurub. Təhlilçilər bu il ABŞ iqtisadiyyatının 2,6%, gələn il isə 2,8% artacağını proqnozlaşdırırlar. Atlanta Federal Ehtiyatlar Bürosunun "GDP now" modeli üzrə apardığı hesablamalara əsasən, ABŞ ikinci rübdə cəmi 0,7% artım əldə edə biləcək. Bəzi iqtisadçılar ABŞ iqtisadiyyatının resessiya, digərləri isə "uzunmüddətli staqnasiya" mərhələsinə daxil olduğunu bildirirlər.

"Report" xəbər verir ki, HSBC bankının tədqiqatlarında ABŞ-dakı son resessiyadan 6 il keçdiyi bildirilib. Bu da 1980-ci illərin standartlarına görə kifayət qədər uzun müddətdir. Bank öz təhlillərində inkişaf etmiş ölkələrin resessiya mərhələsinə daxil olması üçün iqtisadiyyatı stimullaşdırmalarını ön plana çıxartdıqlarını, bunun da heç bir nəticə vermədiyini qeyd edib. 1970-ci illərdə uçot dərəcəsini aşağı salan bir çox ölkə hələ də faizləri sıfıra yaxın səviyyədə saxlayıb. Buna misal olaraq İsveçrə, Yaponiya və digər ölkələri göstərmək olar. Bu ölkələrdə uçot dərəcələri və ümumiyyətlə, orta faiz dərəcələrinin mənfiyə keçməsi mümkündür. Belə olan halda insanlar sərbəst vəsaitlərini evdə saxlamağa üstünlük verə bilərlər.

Digər iqtisadi stimullaşdırma üsulu olan "kəmiyyət yumşaldılması" vasitəsilə ABŞ, Yaponiya və Aİ ölkələri iqtisadi artıma nail ola bilməyib və bu ölkələrdə, sadəcə, aktivlərin qiyməti maksimum həddə çatıb. Bu, səhm bazarı və daşınmaz əmlak kimi aktivlərə aiddir.

HSBC resessiya mərhələsinə daxil olması mümkün sayılan ölkələr üçün 4 istiqamət təyin edib:

1) Əmək haqlarının artması, aşağı səviyyədə olan məhsuldarlıqdan əldə edilən mənfəətin azalmasına və fond birjalarının düşməsinə səbəb olur;

2) Pensiya fondları və sığorta şirkətləri öhdəliklərini yerinə yetirə bilmədiklərindən maliyyə sistemində problemlər yaranır;

3) Çin iqtisadiyyatında resessiya xammal qiymətlərini aşağı salır;

4) ABŞ-da vaxtından əvvəl monetar sərtləşdirmə, yəni uçot dərəcəsinin artırılması.

Nəticədə dünya iqtisadiyyatının resessiyaya məruz qalacağı gözlənilir. Qlobal iqtisadiyyatın böhrandan çıxması üçün isə böhranın dərinləşməsi qaçılmazdır və ancaq bundan sonra iqtisadi artım dövrünün bərqərar olacağı ehtimal edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi