Yuxarı

​Dünya iqtisadiyyatı ildə 2 trln. dollar itirə bilər

Istidən əsasən Asiya və Afrika ölkələri zərər görəcək

Bakı. 20 iyul. REPORT.AZ/ 2030-cu ilə dünya iqtisadiyyatı ildə 2 trln. ABŞ dolları itirə bilər. Buna səbəb qlobal istiləşmə nəticəsində baş verən iqlim dəyişikliyi ilə havanın temperaturunun yüksəlməsi səbəbindən əmək məhsuldarlığının aşağı düşməsi göstərilir. 

"Report" xəbər verir ki, bu barədə açıqlama BMT Universitetinin BMT inkişaf proqramının Kuala-Lumpur şəhərində təşkil etdiyi forumda təqdim edilən "Asia-Pacific Journal of Public Health " jurnalında dərc olunan "Beynəlxalq sağlamlıq və ekologiya" adlı məruzədə bildirilib. Məruzəni təqdim edən Fondun rəhbəri, professor Tur Şellstrem ekstremal isti havanın mənfi təsirlərinin əsasən kənd təsərrüfatı sektorunda və istehsalatda olacağını qeyd edib. O bildirib ki, qızmar havalarda adi hallarda olan intensivlik ilə çalışmaq mümkün deyil: "Belə havalarda tədricən iş tempi yavaşlayır və istirahət müddəti artır. Nəticədə əməyinin daha çox istifadə olunduğu yoxsul ölkələr daha da kasıblayacaq, zəngin ölkələr isə elektrik sərfiyyatını artırmağa məcbur qalacaq". 

Araşdırma göstərib ki, havaların isinməsi 43 ölkənin iqtisadiyyatına mənfi təsir göstərəcək. Tur Şellstrem bildirib ki, 2030-cu ilə Qana və Nigeriya 6%-dən çox, Malayziya, Tailand, Filippin və İndoneziyanın 6%, Vyetnam və Kambodca 6%-ə qədər ÜDM itkisi ilə üzləşəcəklər. Hindistan və Çinin illik itkiləri isə 450 mlrd. ABŞ dollarına çata bilər. Professor həmçinin qeyd edib ki, Rusiya, Norveç və İsveç kimi ölkələr isə sərt qış səbəbindən əmək məhsuldarlığında itkilərə məruz qala bilər. Rusiyanın bu səbəbdən 2030-cu ilə ÜDM-nin 1%-ni itirməsi mümkündür.

"İndependent" qəzetinə açıqlamasında Tur Şellstrem qlobal istiləşmə probleminin 2050-ci ilə qədər həll etmək mümkün olmadığını deyib: "Lakin, indi alınacaq bir sıra tədbirlərlə 2050-ci ildən sonra havanın temperaturuna təsir etmək imkanları var. Bunun üçün ilk növbədə havaya zərərli tullantıların daxil olmasının qarşısı alınmalıdır". Professor xatırladıb ki, ən xoşagəlməz hadisə dünyanın əksər ölkələrinin bu problemi həll etməkdən çox bu problemlə yaşamağa hazırlaşmalarıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi