Dünya Bankı: Azərbaycan ehtiyat vəsaitlərini daha səmərəli istifadə etməlidir

Dünya Bankı: Azərbaycan ehtiyat vəsaitlərini daha səmərəli istifadə etməlidir Navid Həsən Naqvi: "Meyvəçilik, tərəvəzçilik, heyvandarlıq və balıqçılığa investisiya yatırılmasına diqqət yetirilməlidir"
Maliyyə
22 Yanvar , 2018 17:08
Dünya Bankı: Azərbaycan ehtiyat vəsaitlərini daha səmərəli istifadə etməlidir
Dünya Bankının (WB) Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi / Report/ Orkhan Azim

Bakı. 22 yanvar. REPORT.AZ/ “Adambaşına düşən gəlirin azalmasına baxmayaraq, Azərbaycan hələ də Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD, Dünya Bankı Qrupunun üzvü) vəsaitlərinə hüququ olan ölkədir. Dünyada az ölkə var ki, onun suveren fonduna yığılan vəsait ölkənin bir illik ÜDM-nə bərabərdir. Beynəlxalq İnkişaf Assosiasiyasının (IDA) resursları isə yoxsul ölkələr üçündür, Azərbaycan artıq həmin ölkələr sırasında deyil. Hökumətin kifayət qədər pulu var. Onu bir çox məqsədlər üçün istifadə etmək olar. Söhbət onun müdrikcəsinə istifadəsindən gedir”.

Bunu “Report”a açıqlamasında Dünya Bankının (WB) Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi deyib.

N.H.Naqvinin sözlərinə görə, Azərbaycan xarici borclanmaya getdiyi zaman ehtiyatlı olmalıdır: “Nazirlər Kabinetinin son iclasında dövlət başçısı çox doğru qeyd edib ki, ölkə yalnız texnoloji cəhətdən mürəkkəb olan layihələr üçün xaricdən kredit almalıdır. Hesab edirəm ki, hansı layihəyə və nə üçün borcun alınmasına çox ehtiyatla yanaşmaq lazımdır və mən azərbaycanlı olsaydım, yenə də eyni sözləri deyərdim. Baxmaq lazımdır ki, hansı sahələrdə texniki yardıma ehtiyac var. Daha sonra, hansı tərəfdaşların həmin sahədə texniki bacarıq və təcrübəyə malik olmasına diqqət yetirməliyik. Siz soruşursunuz ki, hansı sahələrə daha asan kredit cəlb etmək olar. Demək istəyirəm ki, artıq asan şeylər çoxdan edilib. İndi lazım olan çətin məsələləri həll etməkdir”.

Bank rəsmisi Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin bir hissəsinin milli valyuta - manatın məzənnəsinə sərf edilməsinə də münasibət bildirib: “Bir qayda olaraq, suveren fond ölkənin sərvətlərinin qorunub saxlanılmasına xidmət edir. Bilirik ki, suveren fondun ehtiyatlarının böyük bir hissəsi birinci və ikinci devalvasiyadan əvvəl məzənnənin sabit saxlanmasına istifadə edilib və çoxlu da vəsait itirilib. Həmin vəsaitin digər məqsədlər üçün istifadə edilməsi daha yaxşı olardı. Suveren fondun vəsaitlərini istifadə edərkən həmişə digər alternativlərə də nəzər yetirmək lazımdır: doğrudanmı bu vəsaitlər ən yaxşı sahəyə yönəldilir?!”

N.H.Naqvi pambıqçılığa sərmayə yatıran Azərbaycanın bir sıra vacib məsələlərə də diqqət yetirməli olduğunu qeyd edib: “Regionda pambıq becərən digər ölkə Özbəkistandır. Ümumilikdə, pambıq becərəndə onun qiymətinə baxmaq lazımdır. Düzdür, tarixən bu, yetişdirilib, amma bu indiki şəraitdə iqtisadi cəhətdən əhəmiyyətlidirmi? Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Azərbaycan suyun qıt olduğu bir ölkədir. Pambıq isə bol su sevir. İkinci məsələ isə Azərbaycanın istehsal edəcəyi pambığın digər iri istehsalçıların məhsulları ilə rəqabət aparmaq qabiliyyəti ilə bağlıdır. Fikrimcə, kənd təsərrüfatının daxilində meyvəçilik, tərəvəzçilik, heyvandarlıq və balıqçılığa investisiya yatırılmasına diqqət yetirilməlidir”.

Son xəbərlər

Orphus sistemi