​Dövlət Statistika Komitəsində kollegiya iclası keçirilib

​Dövlət Statistika Komitəsində kollegiya iclası keçirilib Tahir Budaqov: "2015-ci ildə komitənin internet səhifəsindən hər gün orta hesabla 2 034 istifadəçi bəhrələnib"
Maliyyə
29 Yanvar , 2016 19:41
​Dövlət Statistika Komitəsində kollegiya iclası keçirilib

Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün Dövlət Statistika Komitəsində 2015-ci ildə ölkədə statistika orqanlarının fəaliyyəti və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.

"Report" xəbər verir ki, kollegiya iclasında Aparatın, Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin, Bakı şəhər statistika idarəsinin, rayon statistika idarələrinin rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, 2015-ci ildə icrası planlaşdırılan 46 tədbir (o cümlədən digər dövlət proqramları üzrə 29 tədbir) həyata keçirilib, ümumilikdə, il ərzində dövlət proqramları ilə bağlı 79 iş yerinə yetirilib: “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”nda icrası 2015-ci ildə nəzərdə tutulan 12 tədbirin icrası tam başa çatdırılıb. 2015-ci ildə BMT, Avrostat, BVF, İƏİT, BƏT, FAO, YUNESKO və digər beynəlxalq təşkilatların hazırladıqları metodoloji materiallar əsasında yeni metodologiyalar hazırlanıb və tətbiq edilib. Bu dövrdə statistikanın bütün sahələri üzrə müvafiq tədbirlərin həyata keçirilməsini, dövlət proqramlarında nəzərdə tutulan işlərin yerinə yetirilməsini və ölkə iqtisadiyyatının xüsusiyyətlərini özündə əks etdirən 30 metodoloji material hazırlanıb. 61 rayon və şəhər üzrə statistik məcmuələr nəşr edilib. Ölkənin və regionların sosial-iqtisadi inkişafını əks etdirən statistik məlumatların təhlili, müqayisələrin aparılması, istifadəçilər arasında yayılması məqsədilə Komitənin aparatı və yerli statistika orqanları tərəfindən 2 387 təhlili məruzə, 88 adda ekspres-məlumat və 76 adda mətbu-məlumat hazırlanıb".

O bildirib ki, 2015-ci ildə komitənin internet səhifəsindən hər gün orta hesabla 2 034 istifadəçi bəhrələnib.

Onun sözlərinə görə, veb-səhifəyə il ərzində 742 535 nəfər daxil olub ki, onlardan da 705 590 nəfəri Azərbaycan, qalan hissəsi isə xarici istifadəçi olub.

İl ərzində statistik hesabatların elektron təqdimatı üçün internet vasitəsilə 2 034 075 müraciət daxil olub.

T.Budaqov 2016-ci ildə Dövlət Statistika Komitəsinin qarşısında duran əsas vəzifələrdən də danışıb. 

Son xəbərlər

Orphus sistemi