​Dövlət istiqrazlarına yatırımlar investorların zərərinə səbəb olacaq

​Dövlət istiqrazlarına yatırımlar investorların zərərinə səbəb olacaq Gəlirliyin hər 1%-lik artımı 2,4 trln. dollarlıq zərərə səbəb olacaq
Maliyyə
3 Avqust , 2016 17:43
​Dövlət istiqrazlarına yatırımlar investorların zərərinə səbəb olacaq

Bakı. 3 avqust. REPORT.AZ/ İnkişaf etmiş dövlətlərdə faizlərin 1% artması dövlət istiqrazları sahiblərinin 2,4 trln. dollar zərər etməsinə gətirib çıxaracaq. "Report"un "Fitch" beynəlxalq reytinq agentliyinə istinadən verdiyi xəbərə görə, dünyanın inkişaf etmiş əksər ölkələrində inflyasiyanın stimullaşdırılması məqsədi ilə tətbiq edilən monetar siyasət nəticəsində qısamüddətli faizlərin dayanıqlı şəkildə azaldılması baş tutub. Nəticədə, investorlar riskli aktivlərə yatırım edərək səhm bazarı və investisiya səviyyəsində olan uzunmüddətli dövlət istiqrazlarında spekulyativ "köpük" yaradıblar. Bu da faizlərin tarixi orta qiymətlərinə geri qayıdacağında investorların ciddi zərər edəcəkləri deməkdir. Belə ki, hər 1%-lik artım investorların 2,4 trln. dollar itirməsinə, faizlərin 2011-ci il səviyyəsinə geri dönməsi isə 3.8 trln. dollar zərərə səbəb olacaq. 

"Fitch"dən verilən məlumata əsasən, hazırda bu seqmentdə olan və mənfi gəlirliliyə sahib olan iqtiqrazların ümumi həcmi 11,5 trln. dollara bərabərdir. Agentliyin hesabatında həmçinin bildirilib ki, Avropa mənşəli istiqrazlarda zərər daha böyük olacaq. Çünki, riskdən çəkinən investorların Avropa istiqrazlarına investisiyası nəticəsində faizlər mənfi həddə düşüb, istiqrazların müddəti isə uzanıb.

Hesabata görə, İtaliya və İspaniyanın dövlət istiqrazlarının gəlirliliyi 2011-ci ilin iyulundan etibarən azalmağa başlayıb və əgər faizlər azalmağa başladığı dövrdəki səviyyəsinə geri dönərsə, investorların 21% zərər edəcəyi bildirilir. Britaniyada isə bu zərər 19% təşkil edəcək. Burada müddəti 25 ildən yuxarı olan istiqrazlara investisiya edənlərin nəticədə 44% zərər edəcəyi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi