Yuxarı

Dövlət başçısı: "Xarici investorları Azərbaycana sərmayə qoymağa inandırmaq lazımdır"

İndi yerli icra orqanlarının işi bundan ibarətdir

Bakı. 3 sentyabr. REPORT.AZ/ "Xaricə getmək, orada investorları inandırmaq lazımdır ki, sərmayə qoysunlar. Azərbaycanda kifayət qədər böyük firmalar, şirkətlər var. Onları maraqlandırmaq lazımdır. İndi yerli icra orqanlarının işi bundan ibarətdir".

"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 3-də Salyan şəhərinə Şirvan-Muğan magistral kəmərindən çəkilmiş yeni içməli su xəttinin açılışı zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

"İnsanların məşğulluğu məsələləri daim diqqət mərkəzində olmalıdır. Biz son 13 il ərzində 1 milyon 300 min yeni iş yeri yaratmışıq. Ancaq bu, daimi proses olmalıdır. Çünki əhali artır, tələbat artır, istehlak artır. Ona görə yeni fabriklər, zavodlar, emal müəssisələri yaradılmalıdır. Hər bir rayon və rayon rəhbərliyi çalışmalıdır ki, öz rayonuna investisiyalar cəlb etsin. İnfrastruktur və sosial infrastruktur layihələrinə dövlət xətti ilə investisiyalar qoyulur və qoyulacaq. Eyni zamanda, kənd təsərrüfatının inkişafı üçün gübrəyə, yanacağa subsidiyalar verilir. Torpaq vergisi istisna olmaqla kəndlilər bütün vergilərdən azaddır. Onlara aqrolizinq yolu ilə texnika verilir. İndi ölkəmizə bir neçə 100 milyon dollar dəyərində yeni texnika gətirilir ki, kəndlilərə verilsin, onlar torpağı əkib-becərsinlər. Dövlət bu istiqamətdə də öz dəstəyini əsirgəmir", - deyə prezident əlavə edib.

Onun sözlərinə görə, yerli icra orqanları çalışmalıdırlar ki, öz rayonlarına yerli və xarici özəl sərmayə gətirsinlər:

"Xaricə getmək, orada investorları inandırmaq lazımdır ki, sərmayə qoysunlar. Azərbaycanda kifayət qədər böyük firmalar, şirkətlər var. Onları maraqlandırmaq lazımdır. İndi yerli icra orqanlarının işi bundan ibarətdir. Çünki bir daha demək istəyirəm ki, əsas infrastruktur layihələrinin icrası dövlətin məsuliyyətidir. Bu layihəyə dövlət böyük vəsait ayırıb. Biz son illər ərzində su layihələrinə milyardlarla manat vəsait ayırırıq. Bu layihələr gəlir gətirmir, sırf sosial məna daşıyır. Bir çox ölkələr var ki, pul xərcləməmək üçün bu layihələri icra etmirlər. Buna vəsait xərcləmək istəmirlər, qənaət edirlər. Biz isə sosial layihələri icra edirik. Çünki bu, insanlara lazımdır. Biz bu işləri insanlar üçün yaradırıq, qururuq, ölkəmizi inkişaf etdiririk.

Ona görə, yerli icra orqanları da gərək çalışsınlar ki, onların rəhbərlik etdikləri rayonlarda işlər daha sürətlə getsin. Rayonlar arasında çox sağlam rəqabət olmalıdır. Rayon rəhbərliyinə qiymət bu nəticəyə görə veriləcək. Əlbəttə ki, rayonun fəalları, ziyalılar, bütün ictimaiyyət bu işlərdə həmişə olduğu kimi, fəal olmalı və ümumi işimizə töhfə verməlidirlər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi