Yuxarı
    Bağlamaq

    Dolların məzənnəsi kəskin azalıb

    Report: Ortamüddətli perspektivdə USD/EUR məzənnəsi paritetdən aşağı düşəcək

    Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün Asiya valyuta birjalarında ABŞ dollarının məzənnəsi kəskin azalıb. "Report"un "CNBC" telekanalına istinadən verdiyi xəbərə görə, buna səbəb ABŞ prezidenti Donald Trampın proteksionist tədbirlər barədə açıqlamaları olub. Belə ki, dünən, yanvarın 22-də Tramp Meksika və Kanada ilə Şimali Amerika sərbəst ticarət anlaşmasını (NAFTA) müzakirə edəcəyini bildirib. Xatırladaq ki, 3 ölkə arasında bu anlaşma 1994-cü ildə qüvvəyə minib. Bundan başqa, Tramp ABŞ-ın Trans Sakit Okean tərəfdaşlıq anlaşmasından çıxmasına nail olacağını qeyd edib.

    Bu açıqlamalardan sonra əsas valyuta cütlüyü sayılan USD/EUR-un məzənnəsi 1,2% artaraq 1,0750-yə yüksəlib, JPY/USD məzənnəsi isə 1,1% azalaraq 113,20-yə düşüb.

    Britaniyanın "İndependent Strategy" konsalting şirkətinin prezidenti Devid Roş (David Roche) bildirib ki, D.Trampın gömrük rüsumlarını və fiskal xərcləri artırması qərarları inflyasiyanın yüksəlməsinə səbəb olacaq. Bu da öz növbəsində uçot dərəcəsinin artırılması ilə nəticələnəcək və dolların məzənnəsinin möhkəmlənməsinə səbəb olacaq.

    "Report"un analitik qrupu bildirir ki, ilk rübdə maliyyə bazarlarında önəmli dəyişikliklər olmayacaq: "Yanvarın 31-fevralın 1-də baş tutacaq ABŞ Federal Ehtiyat Sisteminin (FES) növbəti iclasında faizlərin artırılması gözlənilmir. Martın 14-15-də keçiriləcək sonrakı iclasda isə uçot dərəcəsi artırıla bilər. Daha sonra Avropa İttifaqı ölkələrində seçkilər gözlənilir ki, bu da avronun məzənnəsini azaldaraq dolların möhkəmlənməsinə kömək edəcək. Avronun məzənnəsinin 1,10 USD/EUR səviyyəsini keçməyəcəyi proqnozlaşdırılır. Ortamüddətli perspektivdə isə bu məzənnənin paritetdən də aşağı düşəcəyi şübhəsizdir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi