Yuxarı

​Dolların bahalaşması davam edəcək - PROQNOZ

Dolların bahalaşması qızıl və neft bazarına mənfi təsir göstərir

Bakı. 31 mart. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Canet Yallen ölkədə uçot dərəcəsini artırmaq üçün inflyasiya hədəfinə nail olunmağı gözləməyəcəklərini açıqlayıb. "Report"un məlumatına görə, San-Fransisko şəhərində Federal Açıq Bazar Komitəsinin (FABK) iclasında çıxış edən C.Yallen həmkarları ilə bərabər uçot dərəcəsinin bir neçə il ərzində mərhələli olaraq artıracaqlarını bildirib. İqtisadi şərtlər uyğun olarsa, prosesə artıq bu il ərzində başlanacağı vurğulanıb.

Faizləri vaxtında artırmamağın da iqtisadi riskləri olduğuna işarə edən C.Yallen ilk addım üçün inflyasiya hədəfini və ya hədəfə yaxınlaşmağı gözləmədiklərini qeyd edib: "İşsizlik rəqəmləri və inflyasiya hədəfini gözləsək, o zaman daha kəskin faiz artırmağa məcbur olarıq ki, bu da investorları qorxudaraq iqtisadi artımı və işsizliyi azaldar. Faiz səviyyəsinin uzun müddət aşağı səviyyədə olması isə yatırımçıları lazım olduğundan artıq risk almağa sövq edər və nəticədə, maliyyə sabitliyi pozular".

Qeyd edək ki, hazırda ABŞ-da uçot dərəcəsi tarixi minimal həddədir (0,25%).

San-Fransiskodakı iclasa qədər faizlərin artırılması üçün inflyasiyanın önəmli amil olduğu bildirilirdi. Bu iclasda isə C.Yallen inflyasiya hədəfinin önəmli olmadığını, işsizlik və əmək haqqının artmasının daha vacib olduğunu qeyd edib. FABK-ın növbəti iclası aprelin 28-29-da keçiriləcək. Lakin bu iclasda uçot dərəcəsinin artırılması gözlənilmir.

Bu açıqlamalardan sonra ABŞ dolları uçot dərəcəsinin yaxın zamanlarda arta biləcəyi gözləntisi ilə digər valyutalara nəzərən güclənməyə başlayıb. Avro qarşısında 1,1050 səviyyəsinə qədər zəifləyən dollar, hazırda 1,08 USD/EUR səviyyəsinə qədər güclənib. Azərbaycanda dolların manata qarşı rəsmi məzənnəsi cox dəyişməsə də, avronun manata nəzərən məzənnəsi 1,14 səviyyəsindən təxminən 1,13 AZN/EUR səviyyəsinə kimi geriləyib.

Dolların dünya bazarında güclənməsi qızıl və neft bazarına da təsir göstərib. Qızılın 1 unsiyasının qiyməti 1 205,7 dollar səviyyəsinə yüksəldikdən sonra hazırda 1 182 dollara düşüb. "Brent" markalı neft isə 59 dollara qədər bahalaşdıqdan sonra 56 dollar/barelə qədər geriləyib.

Qeyd edək ki, AMB sədri Elman Rüstəmov neftin qiymətinin 55 dollar səviyyəsində qalacağı təqdirdə belə, ölkə gəlirlərinin 5 dəfə azalacağını, 50 dollardan aşağı düşəcəyi təqdirdə isə builki tədiyyə balansının kəsirlə nəticələnəcəyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi