​Dollar sürətlə bahalaşır

​Dollar sürətlə bahalaşır "Report": Artıq yaxın aylarda dollar/avro məzənnəsi paritetə çata bilər
Maliyyə
26 May , 2015 12:02
​Dollar sürətlə bahalaşır

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycanda bu ilin mayın 18-də devalvasiyadan sonra məzənnəsi ən pik həddə çatan milli valyuta ABŞ dollarına qarşı yenidən zəifləməyə başlayıb. Artıq bu gün rəsmi məzənnə 1,0495 AZN/USD-yə çatıb.

"Report"un analitik qrupu qeyd edir ki, manatın zəifləməsinə səbəb dünya bazarında dolların möhkəmlənməsinin davam etməsi ilə bağlıdır. Belə ki, mayın 15-də vahid Avropa valyutasına qarşı 1,1470 USD/EUR-ya qədər zəifləyən dollar yenidən möhkəmlənməyə başlayıb və artıq bu gün dünya bazarında avro 1,09 USD/EUR-a düşüb.

ABŞ dollarının beynəlxalq valyuta bazarında möhkəmlənməsinin əsas səbəbləri ABŞ-da makroiqtisadi göstəricilərin müsbət tendensiyasını qoruması və Avropa İttifaqının bir sıra problemləri ilə bağlıdır: "Keçən həftə açıqlanan ABŞ-da işsizlik müraciətlərinin azalması və inflyasiyanın artması, bu ölkədə iqtisadi artım tempinin yüksəlməyə başlamasının ilk siqnalları kimi qəbul edilib. Nəticədə, investorlar ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artıq sentyabrda artıra biləcəyini düşünərək dollar almağa başlayıblar".

Aİ-nin Yunanıstanla bağlı problemi isə hələ də həllini tapmayıb. Yunanıstan iyun ayının ilk günlərində Beynəlxalq Valyuta Fonduna ödəməli olduğu öhdəlikdən imtina edib. Nəticədə, avro dollara qarşı qiymətdən düşməyə başlayıb və dolların möhkəmlənməsi sürətlənib.

"Report"un analitikləri hesab edirlər ki, Yunanıstan problemi həll olunmasa, avronun ucuzlaşması və dolların möhkəmlənməsi prosesi davam edəcək. Bu da yaxın 2-3 ayda avro/dollar məzənnəsini paritetə gətirib çıxara bilər.

İngilis versiyası US dollar goes up rapidly

Son xəbərlər

Orphus sistemi