Yuxarı
    Bağlamaq

    ​Dollar digər valyutalara qarşı mövqeyini qoruyur

    FES-in hər iclasda faizlərin artırılması ilə bağlı qərar verməsi ehtimalı qalıb

    Bakı. 30 iyul. REPORT.AZ/ ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsinin artırılmasını bu ilin sentyabr və ya dekabr ayına saxlayıb. FES-in Açıq Bazarlarda Əməliyyatlar üzrə Komitəsi dünənki iclasında uçot dərəcəsini artırmayaraq 0-0,25% diapazonunda saxlayıb. FES işsizliyin azalması və inflyasiyada mülayim artımı müsbət fakt olaraq göstərib. Lakin bunun uçot dərəcəsinin artırılması üçün yetərli olmadığı qeyd olunub.

    "Report" xəbər verir ki, FES-in uçot dərəcəsini artırması ehtimalı daha çox ABŞ-da inflyasiyanın 2% hədəfinə yaxınlaşması amilinə bağlıdır. Bundan başqa, FES-in artım qərarını verməsini əngəlləyən digər səbəblər də var. Bu, Çin iqtisadiyyatının zəifləməsi və neftin ucuzlaşmasıdır. Məhz Çin iqtisadiyyatında son zamanlar açıqlanan zəif göstəricilər neftin qiymətinə də mənfi təsir göstərir. Neftin qiymətinin azalması isə öz növbəsində ABŞ-da deflyasiya risklərini artırıb. Bu səbəbdən FES-in 2015-ci ilin sonuna qədər uçot dərəcəsini artırması sual altındadır. Buna baxmayaraq, FES-in hər iclasda faizlərin artırılması qərarı verməsi ehtimalı qaldığı üçün dollar bütün digər valyutalarla müqayisədə mövqeyini qoruyur.

    Qeyd edək ki, sentyabr ayında uçot dərəcəsinin artırılması üçün önəm kəsb edən ABŞ iqtisadiyyatındakı göstəricilər aşağıdakılardır:

    1) Bu gün, iyulun 30-da açıqlanacaq II rübün ÜDM-in artım göstəricisi (gözlənti - 2,5%);

    2) Fərdi istehlak xərcləri - avqustun 3 və 28-də;

    3) İstehlakçı qiymət indeksi - avqustun 19 və sentyabrın 16-da;

    4) 1 saatda işçilərə ödənilən orta əmək haqqı - avqustun 7 və sentyabrın 4-də;

    5) Məşğulluq göstəricisi - avqustun 7 və sentyabrın 4-də.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi