Dolların məzənnəsi artmağa başlayıb

Dolların məzənnəsi artmağa başlayıb Amerika valyutası uzunmüddətli perspektivdə bahalaşmağa davam edəcək
Maliyyə
4 Avqust , 2017 17:41
Dolların məzənnəsi artmağa başlayıb

Bakı. 4 avqust. REPORT.AZ/ Qlobal maliyyə bazarında ABŞ dollarının məzənnəsi artmağa başlayıb. 

"Report" xəbər verir ki, buna səbəb ABŞ-ın bu gün açıqlanan bir sıra iqtisadi göstəricilərinin gözləntiləri üstələməsi olub. 

Belə ki, bir qədər əvvəl ABŞ-da kənd təsərrüfatı sektoru istisna olmaqla boş iş yerlərinin sayı açıqlanıb və sözügedən göstərici 183 min nəfərlik artım proqnozunun əvəzinə 209 min nəfərlik artım nümayiş etdirib. Son nəticədə ABŞ-da iyul ayı üzrə işsizlik səviyyəsi son 16 ilin minimumunu yeniləyib və 4,3% təşkil edib. Qeyd edək ki, may ayında da ABŞ-da əmək qabiliyyətli əhalinin 4,3%-i işsiz olub, lakin iyunda bu nisbət 4,4%-ə yüksəlib.

Həmçinin bu gün açıqlanan göstəriciyə görə, ötən ay ABŞ-da 1 saatlıq əmək haqqı gözləntilərə uyğun olaraq 0,3% artıb. Bununla yanaşı iyul ayında ticarət balansının kəsiri 45 mlrd. dollarlıq proqnoza qarşı 43,6 mlrd. dollar olub.

Açıqlanan müsbət göstəricilər Amerika valyutasının yüksəlməsinə səbəb olub. Əsas valyuta cütlüyü olan USD/EUR nisbəti 1,1888 səviyyəsindən 1,183-ə qədər geriləyib. 

"Report"un analitik qrupu dolların bir qədər də möhkəmlənəcəyini və 1,17 səviyyəsinə çatacağını ehtimal edir. Lakin yaxın 1 il ərzində dolların orta hesabla 1,15 avroya bərabər qalacağı gözlənilir. Uzunmüddətli perspektivdə isə ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırması fonunda dollar bahalaşmağa davam edəcək. 

Son xəbərlər

Orphus sistemi