Rusiyanın nağd valyuta bazarında panika yaranıb

Rusiyanın nağd valyuta bazarında panika yaranıb Mübadilə məntəqələrində dollar və avronun məzənnəsi tarixi maksimuma yaxınlaşıb
Maliyyə
16 Dekabr , 2014 18:01
Rusiyanın nağd valyuta bazarında panika yaranıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gün Rusiyanın nağd valyuta bazarında ABŞ dolları və avronun məzənnəsi üzrə intensiv artım müşahidə olunur. Gün ərzində dolların nağd satış məzənnəsi 79 rubl, avronun məzənnəsi isə təxminən 100 rubla çatıb. Səhər saatlarında birjada hərraclar 62 rubl/dollar və 78 rubl/avro məzənnəsi ilə başlasa da, sonradan müvafiq olaraq 58 rubl/dollar və 74,6 rubl/avroya enib və hazırda 73 rubl və 91,4 rubl səviyyəsində qərarlaşıb. Nəticədə cari ilin əvvəli ilə müqayisədə rubl aparıcı xarıcı valyutalara qarşı iki dəfə dəyərdən düşüb.

"Report"un verdiyi xəbərə görə, Rusiyanın iri şəhərlərində əksər valyuta mübadilə məntəqələri məzənnənin kəskin bahalaşması səbəbindən dollar və avronun satışını müvəqqəti dayandırıb.

BKS maliyyə qrupunun analitiki Mark Bredford yaranmış vəziyyəti Rusiyanın zəif iqtisadi perspektivləri ilə əlaqələndirib: "Yaxın gələcəkdə sanksiyaların azaldılması və ya iqtisadi artım gözlənilmir. Ötən həftə Ukrayna ilə danışıqlar baş tutmayıb. Bu da Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması ümidlərini azaldır".

Mərkəzi Bankın sədri Elvira Nabiullina isə qeyd edib ki, Mərkəzi Bankın gözləntilərinə əsasən, rubl gələn il neftin qiymətinin artması ilə möhkəmlənəcək.

"Citi Bank"ın baş iqtisadçısı İvan Çavakov bildirir ki, vəziyyətin stabilləşdirilməsi məqsədilə valyuta müdaxiləsini 10 mlrd. dollara qədər artırmaq lazımdır.

Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının kafedra müdiri Konstantin Korişenko hesab edir ki, çərşənbə axşamı qısamüddətli artımdan sonra rublun zəifləməsi uçot dərəcəsinin dinamikası ilə zəif əlaqəlidir: "Rusiya Bankının uçot dərəcəsini 17%-ə qaldırması qərarının effektivliyini indi qiymətləndirmək hələ tezdir, bir neçə gün keçməsini gözləmək lazımdır".

"Renessanas-Kapital"ın analitiki Oleq Kuzmin isə qeyd edib ki, Mərkəzi Bankın uçot dərəcəsini artırması hələlik rubla müsbət təsir göstərməyəcək: "Rublun düşməsi neftə bağlıdır. Hansına ki, uçot dərəcəsi təsir etmir. Kapital axını və xarici borcun ödənilməsi imkanına da dərəcələr məhdud təsir göstərir".

Ekspertlər rublun dəyərdən düşməsinin əsas səbəbini ötən həftə ərzində "Brent" markalı neftin təxminən 9% ucuzlaşması ilə əlaqələndirirlər. İlin əvvəlindən isə "Brent"in qiyməti 43-44% düşüb və rublun da dollara qarşı ilin əvvəlindən ucuzlaşması təxminən adekvat olub.

"Bloomberg"in yaydığı məlumata görə isə gələn ilin əvvəlində ABŞ valyutasının məzənnəsi 80 rubl/dollara çata bilər. Agentlik bu rəqəmin sonuncu dəfə 1998-ci ilin əvvəlində olduğunu xatırladır.

Son xəbərlər

Orphus sistemi