​"Deutsche Bank": Dollar yenidən bahalaşacaq

​"Deutsche Bank": Dollar yenidən bahalaşacaq Proqnoz: İlin sonuna qədər dollar/avro məzənnəsi paritetə çatacaq
Maliyyə
12 May , 2015 12:04
​Deutsche Bank: Dollar yenidən bahalaşacaq

Bakı. 12 may. REPORT.AZ/ Almaniyanın ən iri banklarından olan "Deutsche Bank" son aylarda ABŞ dollarının dünyanın digər aparıcı valyutalarına qarşı bir qədər zəiflədikdən sonra yenidən möhkəmlənmə mərhələsinə daxil olacağını qeyd edib. Xüsusilə avro/dollar məzənnəsinə toxunan "Deutsche Bank" iqtisadçıları ilin sonuna qədər bu valyutaların məzənnə paritetinə çatacağını proqnozlaşdırırlar.

"Report"un verdiyi xəbərə görə, hazırda avro/dollar məzənnəsi 1,1160 USD/EUR-a bərabərdir. Ötən ilin mayın 4-dən dolların avroya qarşı məzənnəsi 1,3991 USD/EUR səviyyəsindən ABŞ valyutasının xeyrinə dəyişməyə başlayıb və artıq bu ilin martın 16-da minimum səviyyədə (1,0456 USD/EUR) olub. Daha sonra dollar 7% zəifləyib. Nəticədə, avro dollara qarşı 9% möhkəmlənib və məzənnə mayın 7-də 1,1392 USD/EUR-a çatıb.

"Deutsche Bank" iqtisadçıları bildiriblər ki, dolların tarixində 10 ən önəmli korreksiyalarından yalnız biri 10%-dən çox olub. Baş verən son 9%-lik korreksiya dolların zəifləməsinin sona çatması və yenidən möhkəmlənməyə başlamasına səbəb ola bilər.

Almaniyalı ekspertlər qeyd edirlər ki, ABŞ-da yaxın gələcəkdə uçot dərəcəsinin artırılması ilə bağlı gözləntilər də dollara olan tələbatı artıracaq. 

Son xəbərlər

Orphus sistemi