"Dəmirbank"ın səhmləri simvolik qiymətə satılıb

"Dəmirbank"ın səhmləri simvolik qiymətə satılıb Əqdlərin hər birinin dəyəri cəmi 1 manatdır
Maliyyə
16 Noyabr , 2016 17:13
Dəmirbankın səhmləri simvolik qiymətə satılıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında "Dəmirbank" ASC-nin səhmlərinin alqı-satqısı üzrə 2 əqd bağlanılıb. 

"Report" BFB-yə istinadən xəbər verir ki, əqdlərin hər biri bankın 5 səhminin təkrar bazarda realizə edilməsini nəzərdə tutur.

"Dəmirbank"ın səhmləri nominal qiymətə - 0,2 manata alınıb-satılıb. Başqa sözlə, hər bir sövdələşmənin dəyəri cəmi 1 manat olub.

Qiymətli kağızlar bazarı üzrə ekspertlər hesab edirlər ki, bu səhmlərin əldə edilməsində əsas məqsəd dividend əldə etmək deyil: "Müəyyən adamlar olur ki, hansısa səhmdar cəmiyyətin bir neçə ədəd belə olsa səhmini əldə edirlər. Məqsəd də ondan ibarətdir ki, müəssisənin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləndə başqaları kimi onları da iclasa çağırsınlar, yığıncaqda hansı məsələlərin müzakirə edildiyini bilsinlər".

Xatırladaq ki, "Dəmirbank" 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-ci ildə rebrendinq aparılıb. Onun nizamnamə kapitalı 21 mln. manatdır. Bankın səhmlərinin 25%-i EBRD-yə, 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i digər hüquqi şəxslərə, 19,61%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,44%-i isə digər 854 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi