“Dəmirbank”a yeni səhmdarlar gəlir

“Dəmirbank”a yeni səhmdarlar gəlir Bu, bankın xarici öhdəliklərinin nizamnamə kapitalına çevrilməsi nəticəsində mümkün olacaq
Maliyyə
11 İyul , 2017 11:59
“Dəmirbank”a yeni səhmdarlar gəlir

Bakı. 11 iyul. REPORT.AZ/ “Dəmirbank” ASC ilə əməkdaşlıq edən 11 xarici investor Bankın kapitalının artırılmasına qərar verib.

“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, “Dəmirbank”ın 105 mln. ABŞ dolları məbləğində xarici öhdəliyinin 1-ci dərəcəli kapitala (nizamnamə kapitalına) çevrilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, Beynəlxalq investorlar sırasında Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Qara dəniz Ticarət və İnkişaf Təşkilatı, German DEG (KfW Group), Hollandiya Maliyyə Təşkilatı (FMO), İsveçrə responsAbility Investments AG, OPEK Beynəlxalq İnkişaf Fondu və digər maliyyə nəhəngləri yer alır. 29 İyun 2017-ci il tarixində kompleks yenidən kapitallaşma planı maliyyə nizamlayıcısının - Maliyyə Bazarlarına Nəzarət Palatasının diqqətinə çatdırılıb. Razılaşdırılmış təklifə əsasən, beynəlxalq investorlar Azərbaycanın maliyyə sektorunda əsas beynəlxalq oyunçulardan biri olmaq üçün inkişaf etdiriləcək “DəmirBank”ın əsas səhmdarları olacaqlar.

Xatırladaq ki, “Dəmirbank” 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-cu ildə rebrendinq aparılıb. Hazırda onun nizamnamə kapitalı 21 mln. manatdır. Bankın səhmlərinin 25%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i 16 hüquqi şəxsə, 19,72%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,33%-i isə digər 810 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi