Yuxarı

ADB Azərbaycanda mikromaliyyənin inkişafı yollarını araşdırır

BOKT-lara da depozit qəbul etmək imkanının verilməsinin uğurlu olub-olmayacağı nəzərdən keçirilir

Bakı. 12 oktyabr. REPORT.AZ/ Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda mikromaliyyə sektorunun inkişafı ilə bağlı araşdırma çərçivəsində BOKT-lara da depozit qəbul etmək imkanının verilməsinin uğurlu olub-olmayacağını nəzərdən keçirir. Bu barədə "Report"a Asiya İnkişaf Bankının mikromaliyyə sektorunun inkişafına texniki yardım proqramının müstəqil məsləhətçisi Nina Nayar məlumat verib.

"Hazırda vizyonu müəyyənləşdiririk, məsləhətləşmə mərhələsindəyik. Azərbaycanda bu sektor çox yenidir. Buna görə də biz öyrənməliyik. Bunun bugün və yaxud sabah olması mümkün deyil. Biz öyrənməliyik, insanlarla danışmalıyıq, hökumətin də, BOKT-ların da buna hazır olmasını bilməliyik. Bəlkə də biz bunu 2025-ci ildə edə bilərik. Bizim 2015-2025-ci illərdə nə işlər görəcəyimizə dair hədəfimiz var. Əgər perspektiv görməyəcəyiksə, bu variant nəzərdən keçirilməyəcək, onda yalnız banklar depozit xidməti göstərə biləcək"- deyə, N.Nayar qeyd edib.

O BOKT-lara belə bir imkanın verilməsi təcrübəsinin artıq bir çox ölkələrdə mövcud olduğunu qeyd edib.

"Hazırda Azərbaycanda ancaq banklar depozit götürə bilərlər, bank olmayan kredit təşkilatları (BOKT) isə yox. Banqladeş, bir neçə Latın Amerikası ölkəsi və bəzi Afrika ölkələrində isə Mərkəzi Banklar institutların fəaliyyətinə, məsuliyyətinə, müştərilərin pullarının qoruya bilmə bacarığına baxırlar. Əgər onlar bunu bacarırsa və idarəçilik yaxşıdırsa, Mərkəzi Bank depozit götürmək üçün xüsusi lisenziya verə bilir".

Onun sözlərinə görə, digər variant isə BOKT-ların banka çevrilməsidir ki, ölkədə banklara olan yüksək kapital tələbinə görə BOKT-lar banklara çevrilə bilmirlər.

"Yüksək nizamnamə tələbinə görə BOKT-lar banka çevrilə bilmir. Çünki burada 50 milyon məcmu kapital tələbi çox yüksəkdir. İndi hansı variantın mümkün olacağını müzakirə edirik. Bu təkcə bizim təşkilatın fikri yox, həm hökumətin, həm də Mərkəzi Bankın fikri olmalıdır. Burada həm də BOKT-ların nə edə biləcəyi də müzakirə olunmalıdır, çünki əksər təşkilatlar çox kiçikdir. Biz hər şeyi öyrənməliyik və BOKT-ların depozit götürməsinin nə qədər müddətdə olacağını bilməliyik" - deyə, o qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi