Yuxarı

Daha iki icra hakimiyyətinin fəaliyyəti yoxlanılıb

Mingəçevir Şəhər İcra Hakimiyyətinin dövlət büdcəsinə olan borcu tam ödənilməyib və DSMF-na yaranan borcu artıb

Bakı. 21 yanvar. REPORT.AZ/ Hesablama Palatasının növbəti kollegiya iclasında Bakı şəhərinin Səbail Rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri müzakirə edilib.

"Report"un Palataya istinadən verdiyi xəbərə görə, əməyin ödəniş dərəcələrinin müəyyənləşdirilməsi və əmək haqqının hesablanılması zamanı qüvvədə olan qanunvericiliyin tələbləri gözlənilməyib, mənzil fondunun gəlirləri üzrə debitor borcun yığılması, habelə xərclərin, zərər məbləğlərinin azaldılması və gəlirlərin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyib, büdcə vəsaitləri hesabına artıq ştat vahidləri saxlanılıb və aparat işçilərinin saxlanma xərcləri maliyyələşdirilib.

Bəzi hallarda dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə və kassa əməliyyatlarının aparılması qaydalarına riayət olunmadığı, mühasibat uçotu və maliyyə hesabatlarının tərtibinin müvafiq təlimatlara uyğun aparılmadığı, kreditor və debitor borcların auditlə əhatə olunan dövrdə mütəmadi artdığı diqqətə çatdırılıb.

Sonda mənzil fondunun gəlirləri üzrə yığım səviyyəsinin artırılmasını, büdcə vəsaitlərinə dair tələbatın və əməyin ödəniş dərəcələrinin mövcud qanunvericiliyə uyğun müəyyən edilməsini, aparat işçilərinin saxlanma xərclərinin büdcə vəsaitləri hesabına maliyyələşdirilməsi hallarına yol verilməməsi tövsiyə olunub.

Bundan başqa, Mingəçevir Şəhər İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri müzakirə edilib.

Hazırki auditlə əhatə olunan dövrdə mənzil fondunun zərərinin və abadlaşdırma xidmətləri haqqının ödənilməsinə tələb olunan vəsaitlərin proqnozlaşdırılmasının mövcud qanunvericilik aktları və qüvvədə olan normaların tələblərinə tam əməl olunmayaraq təxmini hesablamalara əsasında tərtib edildiyini bildirib.

Auditor qeyd edib ki, abadlıq, yolların və mənzil fondunun əsaslı təmiri işlərinin həyata keçrilməsi zamanı bəzi hallarda işlərin dəyərinin və həcmlərinin artırılması nəticəsində podratçılara artıq vəsait ödənilmiş, əmək haqqı fondunun müəyyənləşdirilməsi və əmək haqqının hesablanılması zamanı qüvvədə olan qanunvericiliyin tələbləri gözlənilməyərək əlavə və artıq ödənişlərə yol verilib.

Həmçinin, dövlət büdcəsinə olan kreditor borcu tam ödənilməyib və DSMF-na yaranan borc isə daim artıb, büdcə vəsaitləri hesabına artıq ştat vahidləri saxlanılıb, bəzi hallarda əhali qrupundan yığılan kommunal xidmətləri haqqı əksər hallarda gecikdirilmə ilə təhvil verilib. Nəzarət tədbirinin nəticələri üzrə kollegiya qərarının layihəsi də müzakirə ediib və səsə qoyularaq qəbul edilib. Qərarlar icra edilməsi məqsədilə icra hakimiyyətlərinə göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi