Çinin zəif iqtisadi göstəriciləri növbəti qlobal böhrana səbəb ola bilər

Çinin zəif iqtisadi göstəriciləri növbəti qlobal böhrana səbəb ola bilər Çin kreditləşməni aylıq müqayisədə 45%-dək azaldıb
Maliyyə
16 Noyabr , 2017 11:20
Çinin zəif iqtisadi göstəriciləri növbəti qlobal böhrana səbəb ola bilər

Bakı. 16 noyabr. REPORT.AZ/ Çin iqtisadiyyatında kreditləşmənin yavaşlamağa başlaması qlobal maliyyə bazarlarına, xüsusilə xammal qiymətlərinə tədricən mənfi təsir edəcək. 

"Report" "Vestifinance.ru"ya istinadən xəbər verir ki, Çində oktyabr ayında yeni kreditlərin həcmi 1,04 trln. yuan (159 mlrd. dollar) təşkil edib. Bu da 1,1 trln. yuan (170 mlrd. dollar) olan proqnozdan 9,5% və sentyabr ayında 1,8 trln. yuan (271,5 mlrd. dollar) olan kreditləşmə həcmindən 44,5% aşağıdır.

Bununla yanaşı, Çində M2 pul kütləsinin həcmi ötən illə müqayisədə 8,8% artım göstərərək çoxillik minimuma geriləyib. Əsas vəsaitlərə investisiyalar illik müqayisədə 7,3% artaraq son 18 ilin ən aşağı artım səviyyəsini təşkil edib. Həmçinin, Çinin inşaat sektorunda da geriləmə qeydə alınıb. Belə ki, oktyabrda yaşayış sahələrinin tikintisi illik müqayisədə 3,6% azalma göstərib.

Qlobal xammal qiymətlərinin proqnozlaşdırılmasına ən çox təsir göstərən amillərdən biri olan yaşayış, kommersiya və ofis binalarının tikintisi yavaşlayıb və illik müqayisədə 5,6% artım göstərib ki, bu da 2015-ci ilin son rübündən sonra ən aşağı hədd sayılır.

Nəticədə, Çinin "AAA" reytinqli 3 illik istiqrazlarının gəlirliliyi son 3 həftədə 36 baza bəndi, oktyabrın əvvəlindən isə 45 baza bəndi artaraq son 3 ilin maksimumuna çatıb.

Analitiklər Çin iqtisadiyyatında yavaşlamanın bütün dünya iqtisadiyyatına və qlobal maliyyə bazarlarına birbaşa təsir etdiyini bildirirlər. Çində yavaşlama ilk mərhələdə xammal, xüsusilə də neft qiymətlərinə mənfi təsir göstərir. Belə ki, Çin hazırda dünyanın lider neft idxalçısıdır və onun gündəlik neft idxalı 9 mln. barelə yaxındır. Çindəki hər hansı yavaşlamanın neft qiymətlərini aşağı salması, daha sonra isə qlobal maliyyə bazarlarına sıçraması istisna edilmir.

Son xəbərlər

Orphus sistemi