​Çinin xarici ticarət həcmi kəskin azalıb

​Çinin xarici ticarət həcmi kəskin azalıb İqtisadi yavaşlama dünya maliyyə sistemini təhdid edir
Maliyyə
8 Avqust , 2016 20:43
​Çinin xarici ticarət həcmi kəskin azalıb

Bakı. 8 avqust. REPORT.AZ/ Çinin idxal və ixracı 2016-cı il iyul ayında gözləniləndən artıq geriləmə göstərib. 

"Report", "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Çinin Baş Gömrük idarəsi tərəfindən verilib. Hesabatda idxalın azalmasına səbəb kimi Britaniyanın Avropa İttifaqının (Aİ) tərk etməsi qərarının təsir göstərdiyi bildirilir. Belə ki, iyul ayında Çinin idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 12,5% azalıb və bu da fevral ayından etibarən ən kəskin azalma olub. 

HSBC bankın Pekində yerləşən filialının iqtisadçısı Ma Syaopinin fikrincə Çin hökümətinin iqtisadiyyatı stimullaşdırıcı qərarlarına baxmayaraq idxaldakı azalma ölkə daxili tələbdə yavaşlama ilə izah olunur. Ma Syaopin həmçinin bildirib ki, hökümətin izafi istehsal gücünü daraltmaq istiqamətində qərarları növbəti rüblərdə tələbin azalmasının davam etməsinə səbəb ola bilər.

Çində iyul ayında ixracın həcmi illik müqayisədə 4,4% azalma göstərib. Ölkənin xarici ticarət profisiti isə iyul ayında proqnozlaşdırılan 47,6 mlrd. ABŞ dolları əvəzinə 52,31 mlrd. dollar olub. Xatırladaq ki, Şinin idxalı 21 ardıcıl aydır ki, azalma göstərir. İxrac göstəricisi isə son 13 aydan 12-də azalma ilə nəticələnib. Analitiklər iyul ayında ixracın 3%, idxalın isə 7% azalacağını proqnozlaşdırmışdılar. Çinin əsas ticarət partnyoru sayılan ABŞ-da iyul ayında ixracı 2%, ikinci önəmli bazar olan Aİ-ə satışı isə 3,2% azalma göstərib.

"Report" analitik qrupu hesab edir ki, Çinin ticarət həcminin daralması və daxili tələbin azalması orta müddətdə ölkənin iqtisadi artım tempini aşağı salacaq və bir sıra maliyyə problemlərinin yaşanmasına gətirib çıxaracaq. Maliyyə bazarlarını narahat edəcək əsas problemlər, Çin yuanının devalvasiyası və dünya əmtəə bazarlarında qiymətlərin kəskin azalma göstərməsi sayıla bilər. Çinin iqtisadi artımının yavaşlaması Yuanın dollarla müqayisədə məzənnəsini ortamüddətdə 8,3-ə(hazırda CNY/USD=6,67), neft qiymətlərini isə 20 dollar/barelin altına çəkə bilər. Yuanın devalvasiyası isə inkişaf etməkdə olan ölkələrin yerli valyutalarına birbaşa mənfi təsir göstərəcək.

Son xəbərlər

Orphus sistemi