Bakı 7 dekabr. REPORT.AZ/ Çinin valyuta ehtiyatları bu ilin noyabr ayında 69,1 mlrd. ABŞ dolları və yaxud 2,2% azalaraq dekabrın 1-nə 3,051 trln. dollar təşkil edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Xalq Bankı (Mərkəzi Bank) məlumat yayıb.
Bildirilib ki, bu, 2011-ci ildən bəri ən aşağı göstəricidir. Qurumun hesabatında deyilir ki, ilk dəfə bu ilin yanvar ayında ölkənin valyuta ehtiyatları 3% azalıb və vaxtdan azalma tendensiyası davam edir.
"Financial Times" yazır ki, analitiklər ötən ay üçün azalmanı 1,9% olacağını proqnozlaşdırıblar.
Çin Xalq Bankı 2015-ci ilin avqust ayında yuanın devalvasiyasından sonra valyuta bazarına mütəmadi müdaxilə edir və milli valyutanın - ucuzlaşmasının qarşısını alır. Analitiklərin fikrincə, Çin höküməti son günlər başlayan valyuta məhdudiyyətini bundan sonra bir qədər də sərtləşdirərək ölkədən kapital axınının qarşısını almağa çalışacaq.
Xatırladaq ki, bu ilin əvvəlindən yuan dollara nisbətdə 6,1% ucuzlaşıb. Bu, Çindən kapital axınını gücləndirib. Bu ilin ilk 10 ayında ölkədən 530 mlrd. dollar çıxarılıb.