​Çinin ixracı kəskin azalıb

​Çinin ixracı kəskin azalıb Ekspertlər: Qlobal iqtisadi zəifləmə Çinə mənfi təsir göstərəcək
Maliyyə
8 Mart , 2016 15:20
​Çinin ixracı kəskin azalıb

Bakı. 8 mart. REPORT.AZ/ Çinin ixracı fevral ayında 25,4% azalaraq 2009-cu ildən etibarən ən minimal həddə enib. "Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, ixracla bərabər, Çinin idxalı da 13,8% azalıb və bu azalma ardıcıl 16 aydır davam edir.

Mərkəzi ofisi Londonda yerləşən "Capital Economics" biznes-konsaltinq şirkətinin baş iqtisadçısı Culian Evans-Priçarda görə, Çin ticarət dövriyyəsinin bu qədər sərt azalmasına səbəb ölkədə Yeni İl bayramının bir qədər gec, yəni 19 fevralda başlaması olub. Buna baxmayaraq, mövsümi amillər nəzərə alınmadan ixrac 17,8%, idxal isə 16,7% azalıb. Çinin islahatlar və inkişaf üzrə Dövlət Komitəsinin sədri Syuy Şaoşi açıqlanan göstəricilərə fikrini bildirərkən qeyd edib ki, idxal göstəricisi sadəcə pul ekvivalentində azalıb, bu da qlobal bazarlarda xammal qiymətlərinin ucuzlaşması səbəbindən baş verib. İdxal olunan malların həcmində isə hətta artım qeydə alınıb. Belə ki, 2015-ci ilin idxal rəqəmlərini təhlil edən sədr bildirib ki, il ərzində Çin tərəfindən neft idxalı 8,8%, dəmir 2,2%, gübrə 16,7%, qaz və kauçuk maddələr isə 15,3% artıb.

"Report"un analitik qrupu hesab edir ki, Çinin ixracının azalması bir müddətdən sonra idxalın da həcminin azalmasına gətirib çıxaracaq. Bu da Çin iqtisadiyyatının zəifləməsini sürətləndirəcək. Hazırda Çin ucuz xammal qiymətlərindən fürsət kimi istifadə edərək ehtiyatlarını artırır. Amma qlobal iqtisadi artımın yavaşlaması fonunda ticarət dövriyyəsi azalacaq və Çinin ixracı düşəcək. Çin iqtisadiyyatının zəifləməsi isə yuana təzyiqi artıracaq və ölkədən kapital axınını sürətləndirəcək.

Son xəbərlər

Orphus sistemi