Yuxarı

​Çin yuanının 2016-cı ildə 5% devalvasiya olacağı proqnozlaşdırılır

Lakin analitiklər yuanın kəskin devalvasiyasını da istisna etmirlər

Bakı. 30 dekabr. REPORT.AZ/ Çin milli valyutasının (yuan) nəzarətli devalvasiyası davam edir. Bu gün, dekabrın 30-da birja məzənnəsi 6,4912 CNY/USD-yə yüksəlib. Bu, 2011-ci ilin iyun ayından etibarən ən yüksək həddir. Qeyd edək ki, 2015-ci il ərzində yuan 4% devalvasiya olunub. Yuan daha çox devalvasiyaya uğraya bilərdi, lakin Çin Xalq Bankı (ÇXB, mərkəzi bank) ehtiyatlarının bir hissəsini sataraq buna imkan verməyib. "Report" xəbər verir ki, avqust ayında açıqlanan yeni monetar siyasətə əsasən, investorlar yuanın devalvasiyasının davam edəcəyini gözləyirlər. Forvard kontraktlar bazarına diqqət yetirdikdə, əksər investorların bir dəfəlik yüksək devalvasiya gözlədikləri müşahidə olunur.

Devalvasiya qərarının səbəbləri məlumdur: ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini artırarkən, ÇXB iqtisadiyyatı dirçəltmək üçün faizləri aşağı salır. Həmçinin ÇXB valyuta ehtiyatlarının hamısını xərcləmək istəmir. Qeyd edək ki, Çinin valyuta ehtiyatları 2015-ci il dekabrın 1-nə 3,43 trln. dollar təşkil edib. Çinin valyuta ehtiyatları bu ilin aprel ayında 4 trln. dollar olmaqla maksimal həddə çatıb. Yəni, son 8 ayda ehtiyatlar 14% azalıb. 

İnvestorlar birdəfəlik 10% devalvasiya gözləsələr də bu ehtimal bir qədər uzaq görünür. Çünki 2016-cı ilin sentyabr ayında Çində Böyük 20-lik ölkələrinin (G-20) sammiti keçiriləcək. Çin bu sammit ərəfəsində milli valyutasını aqressiv devalvasiya edərək tərəfdaş ölkələrin iradlarına səbəb olmaq istəməz. İnvestorlar ÇXB-nin 2016-cı ildə yuanı tədricən və maksimum 5% devalvasiya edəcəyini proqnozlaşdırırlar. Yuanın kəskin zəiflədilməsi Çinə də sərf etmir. Çünki bu ölkənin xarici borclarının çoxu ABŞ dollarındadır. Lakin investorlar tədrici devalvasiyanın Çinin valyuta ehtiyatlarının əriməsinə səbəb olacağını istisna etmirlər. Onlar tədrici devalvasiya nəticəsində 2016-cı ilin ortalarına qədər valyuta ehtiyatlarının 3 trln. dollardan aşağı düşəcəyini bildirirlər. Bu da təşvişə səbəb ola və yuanın kəskin devalvasiyasını zəruriləşdirə bilər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi