Çin yuanı ilə ödənişlər Yaponiya yenini üstələyib

Çin yuanı ilə ödənişlər Yaponiya yenini üstələyib Yuan ödənişlərin həcminə görə dollar, avro və funt sterlinqdən sonra 4-cü sıraya yüksəlib
Maliyyə
7 Oktyabr , 2015 11:18
Çin yuanı ilə ödənişlər Yaponiya yenini üstələyib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Çin yuanı Yaponiya yenini beynəlxalq ödənişlərdə üstələyib. "Report"un "Financial Times"a istinadən verdiyi xəbərə görə, avqust ayında həyata keçirilən beynəlxalq ödənişlərdə yuanın xüsusi çəkisi 2,79% olub. SWIFT beynəlxalq ödəniş sisteminin göstəricilərinə əsasən, iyulda bu göstərici 2,34% olsa da, avqustda baş verən artımla beynəlxalq ödənişlərdə yuandan istifadə Yaponiya yenindən çox olub. Bununla da yuan ödənişlərin həcminə görə avqustda ABŞ dolları, avro və funt sterlinqdən sonra 4-cü sıraya yüksəlib. Bu isə Çində baş verən devalvasiya və iqtisadi səngimə xəbərlərinə baxmayaraq, yuanın əhəmiyyətinin artdığını göstərir.

Qeyd edək ki, 2012-ci ildə beynəlxalq ödənişlərdə yuanın xüsusi çəkisi 0,84% olub. O zamandan etibarən yuan ödənişlərin həcmində rəqabətdə olduğu Honq-Konq və Kanada dolları, eləcə də İsveçrə frankını geridə qoyub. SWIFT-dən verilən məlumata görə, Çin və Honq-Konqla həyata keçirilən ödənişlərdə bankların 36%-i yuandan istifadə edir. Çin Mərkəzi Bankından verilən açıqlamaya əsasən, 2015-ci ilin ilk yarısında yuanla beynəlxalq ödənişlərin həcmi 5,7 trln. yuan (900 mlrd. dollar) təşkil edib ki, bu da Çinin ümumi ticarət dövriyyəsinin 25%-dən çoxdur. Bunu nəzərə alaraq, BVF yaxın zamanlarda Çin yuanını əsas beynəlxalq valyutalar səbətinə daxil etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi