​Çin devalvasiya etməyəcəyinə söz verib

​Çin devalvasiya etməyəcəyinə söz verib Ekspertlər: Qlobal maliyyə bazarlarının sabit yuana ehtiyacı var
Maliyyə
29 Fevral , 2016 11:59
​Çin devalvasiya etməyəcəyinə söz verib

Bakı. 29 fevral. REPORT.AZ/ Çin hökuməti fevralın 26-27-də Şanxayda keçirilən G-20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin sammitində devalvasiya etməyəcəyinə və islahatlar keçirəcəyinə söz verib. 

"Report"un "Kommersant" qəzetinə istinadən verdiyi xəbərə görə, G-20 iştirakçılarının fikrincə, 2008-ci ildən maliyyə tənzimçiləri tərəfindən tətbiq olunan monetar siyasətdə yumşalmalar iqtisadi artımı stimullaşdırmaq üçün kifayət etməyib. G-20 ölkələrinin hökumətləri ÜDM-i dəstəkləmək üçün fiskal metodlara əl atmalıdır. Buna baxmayaraq, sammitdə konkret fikirlər səslənməyib. Lakin iştirakçılar Çin hökumətinin ixracı və ÜDM-i artırmaq üçün yuanı zəiflətməyəcəyi barədə verdikləri zəmanəti müsbət qarşılayıblar.

G-20 iştirakçıları hazırda qlobal iqtisadiyyat üçün mövcud olan ən böyük risklərin maliyyə bazarlarının volatilliyi, ucuz xammal qiymətləri və B.Britaniyanın Avropa İttifaqından çıxma ehtimalının yaradacağı iqtisadi şok olduğunu bildirib. Qeyd edək ki, sonuncu amilin yarada biləcəyi risk ölkənin maliyyə naziri Corc Osbornun təşəbbüsü ilə kommunikeyə daxil edilib.

Sammitdə qəbul olunmuş müştərək sənəddə "ani valyuta məzənnəsi dəyişikliyi"nin yaradacağı əlavə risklər barədə yazılıb və bu mövzu əsas diqqət mərkəzində olub. Belə ki, ABŞ-ın maliyyə naziri Ceykob Lyuya görə, yuanın kəskin devalvasiyasının baş verməməsi maliyyə bazarlarında sabitliyin başlıca şərtidir. Çin Mərkəzi Bankının sədri Çjou Syaoçuan isə öz növbəsində sammit iştirakçılarını ixracı artırmaq naminə yuanı zəiflətməyəcəyini, ümumiyyətlə yuanın devalvasiyası üçün səbəb görmədiyini bildirib. O qeyd edib ki, Mərkəzi Bank xarici maliyyə şirkətlərinin (hedc fondları istisna olmaqla) daxili banklararası istiqraz bazarına daxil olmaq şərtlərini yumşaldıb. Bu bazarın həcmi 50 trln. yuan və ya 5,4 trln. dollara bərabərdir. Bu qərarın ölkədən kapital axınını azalacağına və borc bazarına yeni sərmayənin gəlməsinə şərait yaradacağı gözlənilir. MB sədri, həmçinin borc yükünün ÜDM-də xalis çəkisinin yüksək olduğunu və hər keçən gün daha da artdığını qeyd edərək, bu problemə diqqət ayrılmasının vacibliyini vurğulayıb.

"Report"un analitik qrupu hesab edir ki, Çin MB-nin zəmanətinə baxmayaraq, yuan üzərində təzyiqlər davam edəcək və bu il ərzində yuanın devalvasiyası baş verəcək. Çinin yüksək borc səviyyəsi və ÜDM-dəki azalma investorları bu ölkədən vəsaitlərini çəkməsinə səbəb olacaq. Bu il ərzində CNY/USD məzənnəsinin 7,2 həddinə çatacağı ehtimal edilir. Bundan başqa, Şanxay Fond Birjasında investorların risklərini azaltmaq məqsədilə səhmlərdə satışı davam etdirməsi və nəticədə, "Shanghai Composite" indeksinin 2 000 səviyyəsinə yaxınlaşacağı proqnozlaşdırılır. Hazırda indeks 2 700 bəndə yaxındır.

Son xəbərlər

Orphus sistemi