Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın payının maliyyələşdirilməsi üçün ilin sonuna kredit cəlb olunacaq

Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın payının maliyyələşdirilməsi üçün ilin sonuna kredit cəlb olunacaq Bir sıra beynəlxalq maliyyə qurumları ilə danışıqlar yekun fazaya qədəm qoyub
Maliyyə
26 Sentyabr , 2016 14:24
Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın payının maliyyələşdirilməsi üçün ilin sonuna kredit cəlb olunacaq

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın payının maliyyələşdirilməsi üçün bu ilin sonunadək və növbəti ilin ilk aylarında xaricdən kredit cəlb olunacaq.

"Report"un verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib:

"Azərbaycan layihədə iki qurum vasitəsilə iştirak edir ki, həmin qurumların layihədə maliyyə öhdəliklərinin həyata keçirilməsi üçün dövlət büdcəsində müəyyən vəsait nəzərdə tutulub. Digər vəsaitin isə xarici maliyyə bazarlarından borc şəklində cəlb olunması nəzərdə tutulur ki, bu da gələcəkdə həmin layihə işə düşdükdən sonra layihədən əldə edilən gəlirlər hesabına qaytarılacaq. Bir sıra beynəlxalq maliyyə qurumları ilə danışıqlar yekun fazaya qədəm qoyub. Maliyyələşmənin cəlb olunması üçün hər hansı çətinlik gözləmirik."

O, bu ilin əvvəlində layihə üçün 1 mlrd. dollar cəlb edildiyini xatırladıb. Nazir qeyd edib ki, "Cənub Qaz Dəhlizi" QSC tərəfindən maliyyə məsləhətçisi cəlb olunub və müvafiq borclanma strategiyası hazırlanıb, çünki söhbət bir ildən deyil, bir neçə ildən gedəcək.

Nazirin sözlərinə görə, layihənin icrasında yubanma yoxdur.

"Cari ilin öhdəlikləri tam icra olunur. Layihənin biz tərəfdən maliyyə öhdəliklərinin həyat keçirilməsində hər hansı ləngimə yoxdur və ləngimə olacağı gözlənilmir. Layihə cədvələ uyğun olaraq maliyyələşdirilir", - deyə maliyyə naziri əlavə edib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 25 fevral 2014-cü il sərəncamı ilə "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin idarə edilməsini təmin etmək məqsədilə nizamnamə kapitalı 100 mln. ABŞ dolları məbləğində olan və səhmlərinin 51%-i dövlət mülkiyyətində, 49%-i SOCAR-a məxsus olan "Cənub Qaz Dəhlizi" QSC təsis edilib. Sərəncamın 2.1-ci bəndi ilə Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi ARDNF-ə, dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə tapşırılıb.

Hazırda Cənub Qaz Dəhlizi layihəsinin dəyəri təxminən 40 mlrd. dollar həcmində qiymətləndrilir. Bu vəsaitin 9,3 mlrd. dolları TANAP, 6 mlrd. dolları TAP, 23,8 mlrd. dolları isə “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələrinin payına düşür. Layihədə Azərbaycanın payının maliyyələşdirilməsi 11,454 mlrd. dollar həcmində qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi