Cəlilabad rayonunda büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı nöqsanlar aşkarlanıb

Cəlilabad rayonunda büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı nöqsanlar aşkarlanıb Nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsinə qərar verilib
Maliyyə
7 Dekabr , 2016 15:03
Cəlilabad rayonunda büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı nöqsanlar aşkarlanıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Hesablama Palatası 2013-2015-ci illərdə Cəlilabadda 5 kənd məktəbi və 4 avtomobil yolunun tikintisi, eləcə də rayon mərkəzində abadlıq-quruculuq işlərinin aparılması üçün yerli icra hakimiyyətinə ayrılmış 41 956,8 min manat vəsaitini auditini həyata keçirib. 

Bu barədə “Report”a Hesablama Palatasından bildirilib.

Məlumata görə, söhbət Həziabad kənd 360, Soltankənd kənd 180, Cəfərli kənd 180, Məmmədrzalı kənd 220 və İncilli kənd 180 şagird yerlik tam orta məktəblərindən, eləcə də Cəlilabad-Hamarqışlaq-Sadatlı, Qarazəncir-Qarakazımlı-Boyxanlı, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd, Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yollarından gedir. Audit nəticəsində məlum olub ki, 4 kənddə məktəb tikilərək istismara verilib, Cəlilabad şəhəri ilə 5 kəndi və 8 yaşayış məntəqəsini birləşdirən kəndlər arası avtomobil yollarının tikintisi aparılıb, rayonun mərkəzində abadlıq-quruculuq işləri həyata keçirilsə də bəzi nöqsanlarada yol verilib.

Belə ki, Cəlilabad rayon İcra Hakimiyyəti (RİH) ölkə prezidentinin 17 mart 2010-cu il tarixli tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl etməyərək layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin əsaslandırılması, ilkin strukturu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlamayıb, akt və idman zallarının, fizika, kimya laboratoriyalarının və kitabxananın sahəsini təsdiq olunan normalardan az layihələndirib.

Qüvvədə olan qaydaların tələbinə əməl olunmayaraq sökülən köhnə məktəblərin yerində inşa olunsa da, yararsız hala düşmüş əsas vəsaitlərin yararsızlığını, təmirinin mümkünsüzlüyünü müəyyənləşdirmək, həmçinin onların müəyyən olunmuş qaydada balansdan silmək üçün müvafiq ləğvetmə komissiyası yaradılmayıb, avtomobil yolların istismara verilməsi haqqında tərtib edilmiş Dövlət Qəbul Komissiyasının tərkibinə aidiyyəti qurumların nümayəndələri daxil edilməyib.

Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun tikintisi zamanı trassanın keçdiyi yerlərə təbii-iqlim amillərinin təsiri öyrənilməyib, sürüşmə zonaları müəyyənləşdirilib geoloji müayinə işləri aparılmayıb, layihə-smeta sənədlərində avtomobillərin yol üzrə təhlükəsiz hərəkətini təmin etmək üçün xüsusi mühəndisi tədbirlərin işlənməsi nəzərdə tutulmamış Cəlilabad rayonunun su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması çərçivəsində Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun başlanğıcında su və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar yolun 3 km-lik hissəsində (Məhəmməd Hadi küçəsi) asfalt beton örtüyü dağılıb, istismara qəbul edilən avtomobil yolları “Cəlilabad 56 saylı Yol İstismarı” MMC-nin balansına təhvil verilib.

Qarazəncir-Qarakazımlı-Boyxanlı avtomobil yolunun tikintisi üzrə yol layihələndirilərkən yol tikilən ərazilərdə yaşayan insanların təsərrüfat fəaliyyəti, yaxınlıqda yerləşən müəssisələrin fəaliyyət növü, bazalara yük daşıyan nəqliyyat vasitələrinin tərkibi və yükgötürmə qabiliyyəti nəzərə alınmayıb, həmin ərazidə hərəkətin həcmi, tərkibi, yolun yük gərginliyi IV texniki dərəcəyə uyğun göstəricilərdən dəfələrlə yüksək olduğu üçün istismara verilməsindən az müddət keçməsinə baxmayaraq yol örtüyünün bəzi hissələrində dağılmalar, deformasiyalar əmələ gəlmiş, yolda nəqliyyat işinin əsas göstəricisi olan nəqlolunma surəti aşağı düşüb.

Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi üzrə satınalmanın yekun protokolunda tender təkliflərinin müqayisəsi və qiymətləndirilməsinin nəticələri üzrə məlumat göstərilməyib, texniki təminat müddəti nəzərə alınmadan son ödəmə həyata keçirilib, obyektin tikintisi 2014-cü ilin avqust ayında başa çatmasına baxmayaraq istismara verilməsi haqqında tərtib olunan aktın aidiyyəti təşkilatlar tərəfindən imzalanması başa çatdırılmayıb.

Hesablama Palatasının Kollegiyası Cəlilabad RİH-in yol verdiyi nöqsanların əsasən audit zamanı aradan qaldırılması nəzərə alınmaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi və bu istiqamətdə görülmüş tədbirlər haqqında Hesablama Palatasına məlumat verilməsi barədə qərar qəbul edib.

Qərarın surəti RİH-ə göndərilib, auditin nəticəsi barədə Milli Məclisə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi