​BVF: Qlobal iqtisadiyyat getdikcə zəifləyir

​BVF: Qlobal iqtisadiyyat getdikcə zəifləyir Xammal istehsalçısı ölkələrinin çoxu BVF-dən yardım istəyir
Maliyyə
26 Fevral , 2016 16:30
​BVF: Qlobal iqtisadiyyat getdikcə zəifləyir

Bakı. 26 fevral. REPORT.AZ/ Beynəlxalq Valyuta Fondu (BVF) fevralın 26-27-də Şanxayda keçirilən G-20 ölkələri maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin sammitindən öncə "Qlobal gözləntilər və siyasətlərin yaratdığı çətinliklər" adlı hesabatını dərc edib. "Report"un hesabata əsasən verdiyi xəbərə görə, qlobal iqtisadiyyat çox zəifləyib və gözlənilmədən baş verən hər hansı bir şoka qarşı çox həssaslaşıb.

İqtisadiyyatın hərəkətsiz qalması və qlobal iqtisadi artımın yavaşlaması amillərinə diqqət çəkən BVF bu situasiyadan çıxış yolunu G-20 ölkələri başda olmaqla, çoxtərəfli yeni siyasətin tətbiqində görür.

BVF rəhbəri Kristin Laqard bu gün Şanxayda çıxış edərkən bildirib ki, qlobal iqtisadi yavaşlamanı bir neçə amillə bağlayıb. Onun fikrincə, bu, Çin iqtisadiyyatındakı artımın yavaşlamasının inkişafda olan ölkələrə təsiri, azalan xammal qiymətləri və fond birjalarındakı zəifləmə ilə bağlıdır. K.Laqard bütün çətinliklərə baxmayaraq, qlobal iqtisadiyyatın 2016-cı ildə artım göstərəcəyinə inanır.

Fond rəhbəri maliyyə nazirləri və baş bankirlərin bugünkü iclasındakı çıxışında mərkəzi bankların monetar siyasətin, yeni tətbiq olunan mənfi uçot dərəcələri siyasəti də daxil olmaqla, iqtisadi canlanmaya təsirinin çox zəif olduğunu qeyd edib. O, Çin iqtisadiyyatının 6-6,5% artım hədəfləməsini tövsiyə edib. Çin isə 2016-cı ildə ÜDM-in 6,5-7% artacağını proqnozlaşdırır.

K.Laqard daha sonra inkişaf etməkdə olan ölkələr barədə bildirib ki, xammal hasil edən ölkələrin bir çoxu hazırda BVF-dən kömək istəyir. Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın da BVF-dən 3 mlrd. dollar yardım alacağı xəbərləri yayılsa da, rəsmi Bakı hazırda heç bir yardıma ehtiyacının olmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi