​Bu ilin ilk yarısında 5 şirkət sığorta bazarının 50%-dən çoxuna nəzarət edib

​Bu ilin ilk yarısında 5 şirkət sığorta bazarının 50%-dən çoxuna nəzarət edib İlk beşliyi 21,7 mln. manatla “Atəşgah Həyat Sığorta” və 19,5 mln. manatla “Azərsığorta” şirkətləri tamamlayır
Maliyyə
23 İyul , 2015 13:14
​Bu ilin ilk yarısında 5 şirkət sığorta bazarının 50%-dən çoxuna nəzarət edib

Bakı. 23 iyul. REPORT.AZ/ Bu ilin ilk yarısında Azərbaycandakı sığorta şirkətlərindən 11-də yığım,15-də isə ödəniş artıb. "Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən verdiyi xəbərə görə, 2015-ci ilin 1-ci yarısında Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub.

Məlumata görə, şirkət yarım il ərzində 39,5 milyon manat sığorta haqqı toplayıb. Sonrakı yerləri tutan “Paşa Həyat Sığorta”nın yığımları 32,8 milyon manat, “Atəşgah Sığorta”nın yığımları isə 26,3 milyon manat olub.

Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi 21,7 milyon manatla “Atəşgah Həyat Sığorta” və 19,5 milyon manatla “Azərsığorta” şirkətləri tamamlayır. Ümumilikdə bazarın təxminən 140 milyon manatlıq hissəsi yaxud 58%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşür.

Ən az sığorta haqqı toplayanlar şirkətlərin siyahısında 900 min manatla “Rəvan Sığorta”nın, 635 min manatla “Başak İnam”ın, 451 min manatla “Amrah Sığorta”nın, 136 min manatla “Azərqarant”ın və 46 min manatla “Günay Sığorta”nın adı yer alıb. Bu şirkətlərin ümumi göstəricisi 2,17 milyon manat olub və ümumi sığorta yığımlarının 0,9%-ni təşkil edib.

Lisenziyası ötən ilin noyabrında dayandırılmış, ötən ay isə ləğv edilmiş “Era-Trans” və praktiki olaraq fəaliyyətini dayandırmış “Çartis Azərbaycan” sığorta şirkətləri isə təbii olaraq sığorta haqqı toplamayıb.

Ümumilikdə 27 sığorta şirkətindən 2-də sığorta haqlarının məbləği 30 milyon manatdan çox, 2 şirkətdə 20 milyon manatdan çox, 4 şirkətdə 10 milyon manatdan çox, 5 şirkətdə 5-10 milyon manat arasında, 7 şirkətdə 1 milyon manatdan 5 milyon manata qədər, 2 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 5 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 11-də sığorta haqlarının artımı, 16-da isə azalması baş verib.

Yarım il ərzində sığorta ödənişlərinin məbləğinə görə isə lider 16,1 milyon manatla “Qala Həyat Sığorta” şirkətidir. Sonrakı yerləri tutan “PAŞA Sığorta”nın ödənişləri 14,1 milyon manat, “Atəşgah Həyat Sığorta”nın ödənişləri isə 8 milyon manat təşkil edib.

Ödənişlərin məbləğinə görə, ilk 5-liyi 7,5 milyon manatla “Atəşgah Sığorta” və 6 milyon manatla “Azərsığorta” şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin təxminən 52 milyon manatlıq hissəsi yaxud 56%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına düşür.

Ən az ödəniş edən şirkətlərin sıralamasında 121,5 min manatla “Era-Trans”, 56,5 min manatla “Günay Sığorta”, 21,6 min manatla “İpək Yolu Sığorta”, 39,8 min manatla “Çartis Azərbaycan” və 1,6 min manatla “Azərqarant” olub. Bu şirkətlərin ümumi göstəricisi 241 min manat olub ki, bu da ödənişlərin 0,3%-ni təşkil edir.

Ümumilikdə 27 sığorta şirkətindən 2-də ödənişlərin məbləği 10 milyon manatdan çox, 5-də 5 milyon manatdan çox, 10-da 1 milyon manatdan 5 milyon manata qədər, 3 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 3 şirkətdə 100 min manatdan 500 min manata qədər, 4 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 15-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib. 

Son xəbərlər

Orphus sistemi