Azərbaycanda iqtisadi artım 2,2%-ə çatıb

Azərbaycanda iqtisadi artım 2,2%-ə çatıb ÜDM-in adambaşına həcmi 7 281,3 dollar olub
Maliyyə
15 Dekabr , 2014 12:30
Azərbaycanda iqtisadi artım 2,2%-ə çatıb
Bakı. 15 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 53,7 mlrd. manatlıq ümumi daxili məhsul ÜDM istehsal edilib, onun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,2% artıb. ÜDM-in əhalinin hər nəfərinə həcmi 5 710,7 manat (7 281,3 ABŞ dolları) təşkil edib. Bu barədə "Report"a Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 6,5% artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 56,9%-dən 59,8%-dək yüksəlib. Eyni zamanda, neft-qaz hasilatı və emalı sahələrində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,4% az əlavə dəyər istehsal edilib.

ÜDM-in 60,2%-i istehsal sahələrində, o cümlədən 42,6%-i sənayedə, 12,5%-i tikintidə, 5,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 32,5%-i isə xidmət sahələrinin payına düşüb.

Xidmət sahələrində yaradılmış əlavə dəyərin 24,3%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 14,9%-i nəqliyyat və anbar təsərrüfatı, 6,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,5%-i informasiya və rabitə xidmətləri sahələrində, 48,8%-i isə sosial və digər sahələrdə xidmətlər göstərən iqtisadi subyektlər tərəfindən təmin edilib.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3%-ni təşkil edib.

Son xəbərlər

Orphus sistemi