Sabirabad rayonunda quşçuluq və pambıqçılıq təsərrüfatları maliyyələşdirilib

Sabirabad rayonunda quşçuluq və pambıqçılıq təsərrüfatları maliyyələşdirilib Pambıqçılığın inkişafı məqsədi ilə sahibkarlara bu il 7,2 mln. manat güzəştli kredit verilib
Maliyyə
16 İyun , 2017 19:42
Sabirabad rayonunda quşçuluq və pambıqçılıq təsərrüfatları maliyyələşdirilib

Bakı. 16 iyun. REPORT.AZ/ Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) Sabirabad rayonunun Ulacalı kəndində keçirdiyi işgüzar forum çərçivəsində Sabirabad və ətraf rayonlardan olan sahibkarlara 3,1 mln. manat güzəştli kredit verilib.

"Report"un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, kreditlər əsasən, pambıqçılıq, quşçuluq, heyvandarlıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 300-dən çox yeni iş yerinin açılması imkanı yaradacaq.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, ümumilikdə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 524,4 mln. manat güzəştli kredit verilib.

Bugünkü forumda Sabirabad rayonunda ildə 109 mln. ədəd əmtəəlik yumurta və 1,4 min ton quş əti istehsal etmək gücündə olacaq müəssisənin tikintisinə güzəştli kredit ayrılıb. Müəssisə istifadəyə verildikdən sonra burada 130-a yaxın yeni iş yeri yaradılacaq.

Ümumilikdə isə, son illər 40 quşçuluq təsərrüfatına 133,3 mln. manat güzəştli kredit verilib. Həyata keçirilən sistemli tədbirlər nəticəsində, sənaye quşçuluğunun illik istehsal gücü 130 min tonu ötüb, quş əti istehsalı artaraq 2016-cı ildə 95,5 min ton, o cümlədən sənaye üsulu ilə istehsal 2,5 dəfə artaraq 53,4 min tona, yumurta istehsalı 1,6 mlrd. ədədə (36,6% artım), o cümlədən sənaye üsulu ilə istehsal 48,8% artaraq 668,4 mln. ədədə çatıb. Bu məhsullarla özünütəminetmə səviyyəsi yüksəlib, ixrac imkanları artıb.

Qeyd edək ki, 2017-ci ilin ötən dövrü ərzində pambıqçılığın inkişafı məqsədilə 144 sahibkara 7,2 mln. manat güzəştli kredit verilib.

Son xəbərlər

Orphus sistemi